Zelenski: Rusiya Ukraynaya hücumları artırıb

  • Bir həftədə 3 mindən çox PUA buraxılıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun son bir həftə ərzində ölkəsinə 115 raket, 1900-ə yaxın idarəolunan bomba və 3 mindən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.

Sherg.az xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında Ukraynanın müxtəlif bölgələrinə endirilən hava zərbələri barədə məlumat paylaşıb. Onun sözlərinə görə, hücumlar zamanı enerji və mülki infrastruktur hədəf alınıb. Təkcə Dnepropetrovsk vilayətində 600 mindən çox insan elektrik enerjisiz qalıb.

Zelenski bildirib ki, Rusiyanın Ukraynanın Zaporojye vilayətində yerləşən Komışuvaxa kəndinə noyabrın 2-də endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 55-ə çatıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir. Kəndə bu səhər də PUA hücumu həyata keçirilib.

Ukrayna lideri Xarkov vilayətində vəziyyətin ağır olduğunu vurğulayıb. O qeyd edib ki, bölgələrdə ümumilikdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rusiyanın bombardmanından sonra yalnız Jitomir vilayətində 140 çoxmərtəbəli bina istiliksiz qalıb.

Zelenski Rusiyanın raket istehsalı imkanlarının məhdudlaşdırılması üçün bu ölkəyə qarşı sanksiyaların artırılmasının vacibliyini bildirib.

“Əgər dünyada Ukraynanın hava məkanını qorumaq üçün kifayət qədər ballistik raket əleyhinə vasitə yoxdursa, raketləri istehsal xətlərində dayandırmaq lazımdır”, -deyə o vurğulayıb.