Aqşin Yenisey: “İndi hardan bilim ki, mənim misralarımı İrəvanda kefləri istədikləri kimi dəyişməyiblər?”
Rasim Qaraca: “Müəllifin özünün xəbəri olsa, tərcümə prosesində iştirak etsə yaxşı olar”
Azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antologiyaya salınıb. Bu barədə mühacirətdə yaşayan şairə Günel Mövlud "Facebook" hesabında məlumat paylaşıb. Günel Mövlud bildirib ki, erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antologiyaya Azərbaycanın tanınmış şairləri Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin və Nərmin Kamalın da şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib. Aqşin Yenisey isə Bakupost.az -ın əməkdaşıyla söhbətində məsələdən xəbərsiz olduğunu, heç kimin ona şeirlərinin nəşri ilə bağlı müraciət etmədiyini deyib: “Mənim bundan xəbərim yoxdu.
Araşdırmadan heç nə deyə bilmərəm. Bu barədə sabah geniş açıqlama verəcəyəm”.
Daha sonra Aqşin Yenisey fikirlərini sosial şəbəkədə “Günel Mövlud hardasa yazıb ki, Ermənistanda bir qrup Azərbaycan şairinin şeirləri antologiya halında nəşr olunub. Şəxsən məndən heç kim bu antologiyada çap olunmaq barədə fikir soruşub şeir istəməyib. Fikir soruşan olsaydı da, yəqin ki, aşağıda dediklərimi deyəcəkdim”, açıqlamasının ardınca bu mətni paylaşıb.
“Mənim nə Ermənistanda, nə də dünyanın hansısa başqa bir ölkəsində çap olunmaq deyə şəxsi bir dərdim, azarım yoxdur. Ədəbi ərgənlik komplekslərimi çoxdan aşmışam. Şeirlərimin Ermənistanda tərcümə və çap olunmasından da Günel Mövludun məlum paylaşımından sonra xəbər tutmuşam. Əlbəttə, sənətin sülhə, insanlığa xidmət etməsi, bəşəri məzmun daşıması ta antik çağdan məlum olan bir düşüncədir. Amma sənətçinin də belə bir öhdəliyi varmı? Axı biz filosof Sokratın həm də əsgər Sokrat olduğunu bilirik, Nitsşenin könüllü olaraq cəbhəyə yollandığından da xəbərimiz var. Yazıçı kimi üzünü dünya insanına tutan Dostoyevski, millətçi kimi həmin insana arxasını çevirmirdimi? İki oğlunu vətən uğrunda cəbhəyə yola salan da psixiatr Freyd deyildi, vətəndaş Freyd idi. Mənim şeirlərimi əgər erməni müəlliflər özümə demədən internetdən götürüb çap ediblərsə, bu etik deyil, çünki nə mən ölü müəllifəm, nə də Azərbaycanla Ermənistan arasındakı mədəni əlaqələr o səviyyədədir. İndi mən hardan bilim ki, az qala, yarım əsrdir müharibə vəziyyətində olduğumuz bir xalqın müəllifləri mənim misralarımı İrəvanda kefləri istədikləri kimi dəyişməyiblər və dəyişiblərsə bu şeirlər bir gün Qarabağda ermənilər tərəfindən yaxınları qətlə yetirilən azərbaycanlıların əlinə keçsə onların ittihamlarına kim cavab verəcək?
Yox, əgər bu şeirlər mənə müraciət olunmadan öz maymaqlarımızın əliylə ermənilərə ötürülübsə, bu artıq ermənicə desək, milli “porrnik”likdir. Bir yazı adamı kimi mən də iki xalqın sülhə gəlməsinin, bir-biriləri ilə milli ehtiraslar üzərindən deyil, dünyəvi dəyərlər üzərindən qonşuluq etməsinin tərəfdarıyam. Amma müəllifinin xəbəri olmadan onun şeirlərini tərcümə və çap etməyin, hətta antologiyaya salmağın özü dünyəvi dəyərlərə hörmətsizlikdir. Oğurluq yolu ilə dost olmaq, sülhə gəlmək mümkündürmü? Çox istəyərdim ki, o antologiyanı hazırlayan erməni müəlliflər əvvəlcə bu suala cavab axtarsınlar”.
Sözügedən antologiyada şeirlərinin nəşr olunduğu bildirilən şair Rasim Qaraca da baş verənlərə münasibətini bildirib.
“Şərq”ə açıqlamasında Rasim Qaraca yalnız tərcümə məsələsinin bir qədər rahatsızlığa səbəb olacağını deyib:
- Əlbəttə, müəllifin özünün xəbəri olsa, tərcümə prosesində iştirak etsə yaxşı olar. Amma məlum məsələdir ki, bu, indi mümkün deyil. Qaldı ki antologiyada Azərbaycan şairlərinin şeirlərinə də yer verilməsinə, məncə, bunu kim edibsə humanist məqsədlərlə edib, şeir çap etməkdə başqa nə məqsəd ola bilər?!