Əsəd Cahangir: "Erməni müəlliflərin əsərləri Azərbaycanda nəşr edilsəydi, buna yaxşı baxmazdım"
Kəmalə Abıyeva: "Bəlkə də heç belə kitab da yoxdu. Bizim kafamızı yoxlayırlar"
Azərbaycan şairlərindən bir neçəsinin şeirlərinin Ermənistanda nəşr olunmuş antologiyaya daxil edilməsi ətrafında müzakirələr bitmir. Qeyd edək ki, bu barədə məlumatı mühacirətdə yaşayan şairə Günel Mövlud feysbuk hesabında paylaşıb. Günel Mövlud bildirib ki, erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antologiyaya, Azərbaycan şairlərindən Rasim Qaraca, Həmid Herisçi, Aqşin Yenisey və Nərmin Kamalın şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib.
Məlum hadisəyə adıçəkilən şairlərdən bir neçəsi münasibətini bildirdi. Aqşin Yenisey məsələdən xəbərsiz olduğunu, heç kimin ona şeirlərinin nəşri ilə bağlı müraciət etmədiyini vurğulayaraq münasibətini belə ifadə edib: “Müəllifinin xəbəri olmadan onun şeirlərini tərcümə və çap etməyin, hətta antologiyaya salmağın özü dünyəvi dəyərlərə hörmətsizlikdir. Oğurluq yolu ilə dost olmaq, sülhə gəlmək mümkündürmü? Çox istəyərdim ki, o antologiyanı hazırlayan erməni müəlliflər əvvəlcə bu suala cavab axtarsınlar”.
Şair Rasim Qaraca isə “Şərq”ə açıqlamasında münasibətini “əlbəttə, müəllifin özünün xəbəri olsa, tərcümə prosesində iştirak etsə yaxşı olar. Amma məlum məsələdir ki, bu, indi mümkün deyil. Qaldı ki antologiyada Azərbaycan şairlərinin şeirlərinə də yer verilməsinə, məncə, bunu kim edibsə humanist məqsədlərlə edib, şeir çap etməkdə başqa nə məqsəd ola bilər?!” sözləri ilə ifadə edib.
Gənc yazarlardan Tural Turan isə feysbuk səhifəsində paylaşım edərək Azərbaycan Yazıçılar Birliyini geri qalmaqda günahlandırıb: “Ermənistanda çap olunan azərbaycanlı müəllifləri ürəkdən təbrik edirəm! Böyük uğurdur. Ardı gəlsin. İllər əvvəl bu haqda yazmışdım. Demişdim ki, düşməni məğlub etmək istəyirsənsə və ya onunla dostlaşmağı düşünürsənsə, qarşı tərəfə mədəniyyətlə, şeirlə, nəsrlə yaxınlaşmalısan. Təəssüf ki, onlar bu dəfə də bizi qabaqladılar. Özlərini sülhə əl uzadan ilk tərəf kimi göstərə bildilər. Biz yenə də ermənilərə uduzduq. Mən illərdir Yazıçılar Birliyinə, onun rəhbərliyinə bu barədə açıq müraciətlər etmişəm. Qulaqardına vurdular. Onlara bu sərf etmirdi. Çünki Kreml (sovet) qafalı adamlara bu cür unikal ideyalar lazım deyil. Onlara ucuz tədbir təşkil edib şəkil paylaşmaqla görüntü yaratmaq sərf edir. Ermənistanda Azərbaycan yazıçılarını çap etdiyinə görə Zara Hatutyana və digərlərinə təşəkkür edirəm! Heç olmasa, ardını biz gətirək və gələn dəfə özümüzünküləri təbrik etmək diləyi ilə...”
Maraqlıdır ki, T.Turanın AYB-yə iradlarını doğru sayanlar, gənc yazarı da, Ermənistanın sülh göyərçini libası geyinməsini, erməni naşirin guya ki bizə barışıq əli uzatmasını önə çəkərək təqdir edənlər də var. Və belə bir münasibət, şəxsən bizdə təəccüb və təəssüf doğurdu. Nəinki son 30 ildə, əsrlərlə Azərbaycan xalqının barışıq əlini süngüylə qarşılayan ermənilər olub. Deyəcəklər, “amma görürsünüz, özlərini dünyaya sülhpərvər təqdim etməyi bacarırlar”. Olsun, onların sülhpərvər, ədəbiyyat aşiqi olmadığını ki biz bilirik. Şairlərimiz və şeirlərimiz oğru millətin yaman xoşuna gəlir. Bir neçə ildən sonra antologiyada toplanan şeirlərin erməni müəlliflərinə aid olduğunu iddia etməyəcəklərinə əminsiniz? Digər tərəfdən bu gün şeirlərin çapında AYB-ni niyə irəli düşmədiyinə görə tənqid edənlər bir neçə il əvvəl belə bir antologiyanı nəşr etsəydi, AYB-ni topa tutardılar. Bəzi yazarların gözündə AYB-nin “əskisi” onsuz da daim “tüstülü”dür. AYB erməni müəlliflərin şeirlərini nəşr etsəydi, Vətən xaini elan ediləcəkdilər. Bir də ki, belə bir nəşrə - jestə heç lüzum da görünmür. Xeyir ola?!. Bu gerçəyi artıq anlamamız lazımdır ki, nə etsən də, istər 10 barmağının 10-nu da bala batır, erməni erməniliyindən dönməyəcək. Lap yaxın, necə deyərlər, qulağımızın dibindəki keçmiş, ötən günlər (Laçından, Kəlbəcərdən rədd olub gedərkən etdikləri vəhşiliklər) daha bir sübutdur.
Lakin sual suallığında qalır. AYB nə əcəb erməni şairlərinin şeirlərini çap etməyib, niyə “irəli düşmək” istəməyib?
Ədəbi tənqidçi Əsəd Cahangir “Şərq”ə açıqlamasında məlum olaya münasibətini atalar sözləri ilə ifadə etdi:
- Su axar, çuxurunu tapar. Birini deyim: Niyyətin hara, mənzilin ora. Fikrimi konkretləşdirməyimi istəyirsinizsə, cavabım budur: Erməni müəlliflərin əsərləri Azərbaycanda nəşr edilsəydi, buna yaxşı baxmazdım. Etiraz edərdim. İndiki şəraitdə də doğru hesab etmirəm. Hər şeyin öz zamanı, öz vaxtı var. İndi bunun zamanı deyil.
Şairə Kəmalə Abıyeva da məlum hadisəyə münasibət bildirib:
- Bir çap vərəqi paylaşılıb ki, ermənilər bəzi yazarlarımızı tərcümə edib. Vərəq də latınca. Buna sevinən müəlliflər var. Bəlkə də heç belə kitab da yoxdu. Bizim kafamızı yoxlayırlar. Erməniləri daha ağıllı hesab edənlər də. Elə bu cür düşüncələr illərlə güzəştə getməyimizə səbəb oldu. Qonşu olmağa məcburuq. Bağışlamağa yox. Nə siyasət, nə xalq? Hamısı eynidi. Bir erməni ailəsi ilə qonşu idik. Çox mədəni, çox sakit. Hadisələr başlayanda düşündüm ki, bu yazıqların nə günahı? Köçdülər. Məlum oldu ki, öz cəmiyyətlərinə hər ay pul köçürürlərmiş...