“Kulis.az” saytının baş redaktoru, Prezident mükafatı laureatı, şair, yazıçı Ulucay Akifin "Adını unutduğum qadınlar" kitabının təqdimatı və imza günü olub.
APA xəbər verir ki, Libraff-ın “Park Akademiya” filialında təşkil edilən təqdimat şeir gecəsi formatında keçirilib.
Şeir gecəsində Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Ulucay Akifin yaradıcılığı və ədəbi obrazı barədə söhbət açıb. Onun bu yaşda geniş oxucu kütləsi tərəfindən qəbul edilməsini təqdirəlayiq hal hesab edən Rəşad Məcid Ulucay Akifin qazandığı uğurlar, xüsusən, Prezident mükafatına layiq görülməsini qeyd edib, uğurlarının davamlı olmasını arzu edib.
“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, “525-ci qəzet”in baş redaktor müavini, tərcüməçi, esseist Seyfəddin Hüseynli müasir ədəbi
mənzərə haqqında fikirlərini bölüşüb, bədii fikir tariximizin bugünkü tendensiyalarından bəhs edib. Hazırki prosesdən Ulucay Akifin rolu barədə danışan Seyfəddin Hüseynli onun yaradıcılıq axtarışları, gənclik emosiyalarından doğan kreativ və çoxrəngli reaksiyalarından söhbət açıb.
Tədbirdə aktrisa Sabirə Abdullayevanın və şairin öz qiraətində şeirlər dinlənilib.
Qeyd edək ki, "Adını unutduğum qadınlar" kitabında müəllifin son illərdə yazdığı şeirlər toplanılıb.