Dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin “Pyeslər” kitabı Türkiyə türkcəsində nəşr olunub.
Teleqraf xəbər verir ki, kitab Azərbaycanın Türkiyə Respublikasında Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında ərsəyə gətirilib.
“Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsində Ankaradakı “Perge” nəşriyyatında nəşr olunub.
Əsərləri Türkiyə türkcəsinə Mehdi Gəncəli tərcümə edib, ön sözü və redaktəsi isə akademik Rafael Hüseynova məxsusdur.
Ön sözdə akademik Rafael Hüseynov Hüseyn Cavidin yalnız Azərbaycanın deyil, bütöv türk dünyasının yetirdiyi ən böyük şairlərdən, dramaturqlardan və mütəfəkkirlərdən biri olduğunu vurğulayır.
Nəşrə Hüseyn Cavidin “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam” kimi məşhur dram əsərləri daxil edilib. Gələcəkdə ikinci və üçüncü cildlərdə Hüseyn Cavidin digər əsərlərinin də Türk dilində nəşri planlaşdırılır.

Kitab Hüseyn Cavidin əziz xatirəsinə və onun ədəbi irsinin xalqa qaytarılmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramla ithaf olunub.
Nəşrin əsas məqsədi Hüseyn Cavidin zəngin dramaturji irsini Türkiyə oxucularına çatdırmaq, onun yaradıcılığını daha geniş auditoriyaya tanıtmaq və Azərbaycan klassik ədəbiyyatının qardaş ölkədə təbliğini gücləndirməkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi bu layihə milli ədəbi irsimizin Türkiyədə tədqiqi və təbliği, Azərbaycan klassiklərinin yaradıcılığının daha geniş oxucu auditoriyasına çatdırılması, eləcə də xalqlarımızın ortaq mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Hüseyn Cavid – Pyeslər” kitabının Azərbaycanda və Türkiyədə təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.