Gəncəçayda çirklənmə problemi yenidən gündəmə gəlib. Bununla bağlı Gencexeber.az-da məlumat dərc olunub və çaya məişət tullantılarının atılması səbəbindən yaranmış dəhşətli vəziyyət əks olunub. Bildirilir ki, çayın Gəncə şəhəri ərazisindən keçən hissəsində vəziyyət ürəkaçan deyil. Sakinlər qeyd edir ki, çay məcrasında toplanan məişət və müxtəlif mənşəli tullantılar nəhəng zibilliyi xatırladır. Şikayətçilər çayın məcrasının təmizlənməsini və bu əməli törədənlərin cərimə olunmasını tələb edirlər.
Yaranmış vəziyyətlə bağlı ekoloq Eldar Şükürov danışıb. Qeyd edib ki, ölkədə ekoloji problemlərin həllini yalnız və əsasən ağacəkmə aksiyalarının həyata keçirilməsində görürlər. Lakin bu, yanlışdır:
- Ağaclar da tam əlverişsiz şəraitlərdə əkildiyi üçün onlara edilən qulluğa görə çoxlu xərc çəkilir. Digər tərəfdən əkilən ağaclar canlı olduğu üçün onları şoran, quru, qayalıq və ən əsası da güclü küləklər tutan ərazilərə əkən adamlara bir ömür boyu "qarğış" edirlər. İnsanlardan da betər, çaylar və sonda dəniz mühitində yaşayan canlılar daha çox əziyyət çəkir bu şəraitdən. Mütəxəsis qıtlığı və digər səbəblərdən əsas ekoloji problemlərin müəyyən edilməsi və praktik tədbirlərin görülməsi uzun illərdir diqqət mərkəzindən kənarda qalıb. Tullantıların illərdir düzgün idarə edilməməsi yalnız bir nümunədir.