Amazon tropik meşələri yeni - hipertropik iqlim rejiminə keçir. Bu cür şərait Yer kürəsində son 10 milyon ildə yaranmayıb.
AZƏRTAC “Nature” jurnalına istinadən xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin alimləri bildirib.
Belə bir rejim daha çox sayda ekstremal quraqlıqlara səbəb ola bilər ki, bu da ağacların kütləvi şəkildə məhvinə gətirib çıxarar. 2100-cü ilə qədər Amazonda quraqlığın ildə 150 günə çata biləcəyi və hətta yağış mövsümünə qədər davam edəcəyi proqnozlaşdırılır.
Alimlər hesab edirlər ki, Yer kürəsində son hipertropik iqlim 40-10 milyon il əvvəl, Eosen və Miosen dövrlərində olub. O zaman orta qlobal temperatur 28 dərəcə Selsi idi - bu, indikindən 14 dərəcə yüksəkdir. Tədqiqatlar göstərir ki, o dövrdə ekvator yaxınlığındakı meşələrdə həmişəyaşıl ağaclar və manqrovlar daha az idi.
Hazırda Amazon tropik meşələrində güclü quraqlıqlar ildə bir neçə gündən və ya həftədən çox davam etmir. Regionda adətən iyuldan sentyabr ayına qədər davam edən quraqlıq mövsümü iqlim dəyişikliyi səbəbindən uzanır. Qeyri-adi isti günlərin sayı da artır.
Alimlər son 30 ildə Manausdan şimala doğru meşə ərazisində toplanmış temperatur, torpaq nəmliyi və günəş işığının intensivliyi haqqında məlumatları təhlil ediblər. Onlar, həmçinin ağac gövdələrində suyun və şirənin hərəkətini ölçən sensorlardan alınan məlumatları nəzərdən keçiriblər ki, bu da bitkilərin quraqlığın öhdəsindən necə gəldiyini göstərib.
Nəticələr göstərib ki, quraqlıq zamanı ağaclar su defisiti ilə qarşılaşdıqda yarpaqlarındakı məsamələri bağlayırlar. Bu məsamələr su və qaz mübadiləsinə görə cavab verir. Bu yolla bitkilər nəmliyi saxlayır, lakin karbon qazını udmaq qabiliyyətini itirirdilər.
CO₂ ağacların artması və toxumaların bərpası üçün lazımdır. Ekstremal quraqlıq zamanı bitkilərin bir hissəsi onun çatışmazlığından məhv olub. Torpaq nəmliyi 33 faizdən aşağı olanda, insanın qan damarlarında qan laxtalarına bənzər şəkildə ağac şirəsində qabarcıqlar əmələ gəlirdi. Bu qabarcıqlar normal maye dövranına mane olur və bitkilərin məhv olma riskini artırırdı.
Alimlər qeyd ediblər ki, 2013 və 2025-ci illərdə baş verən El-Ninyo hadisəsi zamanı quraqlıq şəraiti çox davamlı olaraq qalırdı. Hazırda Amazonda ağacların məhv olması nisbəti ildə 1 faiz təşkil edir, lakin 2100-cü ilə qədər 1,55 faizə qədər arta bilər. Belə artım cüzi görünür, lakin tropik meşə miqyasında çox böyük əhəmiyyət kəsb edəcək.
Qərbi Afrika və Cənub-Şərqi Asiyadakı tropik meşələr də hipertropik iqlim rejiminə keçə bilər. Bu, Yer kürəsinin karbon dövrünə əhəmiyyətli dərəcədə təsir göstərəcək, - deyə “Nature” jurnalı yazır.
Alimlər bundan əvvəl Amazonda tropik meşələrin qırılmasının miqyasını açıqlamışdılar. Belə ki, 1985-2024-cü illərdə 49,1 milyon hektar ərazidə ağaclar qırılmış, Amazon isə təbii florasının 13 faizini itirmişdi. Bitki örtüyünün daha 20-25 faiz itirilməsi ilə ekosistem tropik meşə kimi mövcudluğunu dayandıracaq.