Anadoludakı milli sərvət: Avropa qitəsində 15 min, Türkiyədə 12 min...

Anadolunun bitki baxımından zəngin şəhərlərindən olan Amasyada fevral ayı ilə birlikdə dağlarda çiçəklər açmağa başlayıb. Qarların əriməsi ilə birlikdə novruzgülü və çiğdem kimi rəngarəng bitkilər üzə çıxıb. Baş verən bioloji qaçaqmalçılıq halları ilə bağlı xəbərdarlıq edən mütəxəssislər 12 mindən çox növə malik Anadoludakı bitkilərin “milli sərvət” dəyəri daşıdığını bildiriblər.

Sherg.az xəbər verir ki, Türkiyədəki 12 min bitki növündən 1991-i Amasyada müşahidə oluna bilir. Bitki coğrafiyası baxımından Avropa-Sibir və İran-Turan floristik bölgələri arasında keçid sahəsində yerləşən “şahzadələr şəhəri”ndə mikroiqlim xüsusiyyəti göstərən ərazilər mövcuddur.

Bu qış qar və yağışın təsirli olduğu şəhərin zirvəsində yerləşən Çakallar ərazisində çiçəklər yenidən boy göstərməyə başlayıb. Qayalıqlar arasında gizlənən novruzgülü, çiğdem və bənövşə kimi növlər öz gözəlliklərini nümayiş etdirir.

Təbiətsevərlər çiçəkləri görüntüləmək üçün zirvələrə üz tutublar.

İqlim dəyişiklikləri, otarılma, tikinti və yol çəkilişi kimi risklərin təsiri altında olan bitkilərə qarşı həssas yanaşılmasının vacibliyini vurğulayan Amasya Universitetinin müəllimi, professor Cengiz Yıldırım deyib:

“Çiçək budağında gözəldir. Onu təbii mühitindən qoparmağa, üzərinə əlavə təzyiq yaratmağa ehtiyac yoxdur. Cəmiyyətin ümumi şəkildə maariflənməsi, kənd yerlərində yaşayanların kənardan gələn şübhəli şəxsləri gördükdə aidiyyəti qurumlara məlumat verməsi çox önəmlidir.

Çünki bu bitkilər bizim milli sərvətimizdir. Bu sərvəti başqa ölkələrə qaçırmağa çalışanlarla rastlaşılır. Amasya laləsinin aqibəti də belə olmuşdu. Uzun illər təbii mühitində tapa bilmədiyimiz itmiş Amasya laləsinin toxumlarını xaricdən almağa məcbur qalmışdıq”, – deyə o bildirib.

Professor Yıldırım qeyd edib ki, Avropa qitəsində təxminən 15 min bitki növü mövcuddur, Türkiyə isə təxminən 3 min 800-ü endemik olmaqla ümumilikdə 12 min bitki növünə ev sahibliyi edir.

“Avropa qitəsində ümumi bitki sayı 15 mindir. Təkcə Anadolu coğrafiyasında 12 min bitkidən söhbət gedir.

Anadolu coğrafiyası qitə səviyyəsində bitki müxtəlifliyinə malikdir. Biz onların nə qədər qiymətli olduğunu tam dərk etməsək də, xaricdəki insanlar bu dəyəri gördükləri üçün onları öz ölkələrinə aparmaq istəyirlər.

Burada vasitəçi də tapa bilirlər. Hər ikisi çox təhlükəlidir. Buna görə də millət olaraq təbii gözəlliklərimizi qorumağa məcburuq”, – deyə o vurğulayıb.