Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir. Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.