El Nino çox güclü gəlir - iqtisadiyyat daxil dünyanı sarsıdacaq - BMT-dən XƏBƏRDARLIQ

  • Dünya "qaynar qazan" olacaq, sel və quraqlıq ciddi şəkildə artacaq

Birləşmiş Millətlər Təşkilatı El Nino iqlim hadisəsinin bu ilin sonuna doğru pik həddə çatacağını, fevral ayınadək davam edəcəyini və iqtisadiyyat da daxil olmaqla dünyaya ciddi təsir göstərəcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, BMT-nin iqlim agentliyi olan Dünya Meteorologiya Təşkilatı (WMO) xəbərdarlıq edib ki, El Nino hadisəsinin qarşıdakı aylarda “çox güclü” səviyyəyə çatacağı və fevrala qədər davam edəcəyi gözlənilir.

"WMO"nun məlumatına görə, El Nino ilin sonuna doğru pik həddə çatacaq, lakin onun iqlimə təsirləri 2027-ci ilə qədər hiss ediləcək.

Qurum xəbərdarlıq edib: “El Nino artıq tam formalaşıb və qarşıdakı aylarda güclənərək çox güclü hadisəyə çevriləcək. Bu, yağıntı və temperatur rejimlərinə ciddi təsir göstərəcək, eyni zamanda sel, quraqlıq və ekstremal istilər riskini artıracaq”.

BMT-nin baş katibi Antonio Quterreş də El Ninonun miqyasının sürətlə böyüdüyünü bildirib.

“Elm şübhəyə yer qoymur: planet naməlum sulara daxil olub və bu sular getdikcə istiləşir. Dəniz səthinin temperaturu yüksəlir, qlobal temperatur artmaqda davam edir və dünya ekstremal hava hadisələrinin "təhlükə zonasındadır". Biz artan risklərlə iqlimi və insanları qorumaq öhdəliyimiz arasındakı yarışdayıq. Bu yarışı qazanmalıyıq”, - deyə Quterreş bildirib.

"WMO"nun rəhbəri Celeste Saulo El Ninonun dünya üzrə cəmiyyətlərə və iqtisadiyyatlara ciddi zərbə vurmaq potensialına malik olduğunu deyib.

“Artıq quraqlıq və daşqınların yaratdığı problemləri və dağıntıları görürük. El Nino gücləndikcə bu təsirlərin daha da artacağını gözləyirik”, -deyə Saulo bildirib.

O, fövqəladə halların idarə olunmasına cavabdeh qurumları, həmçinin kənd təsərrüfatı, səhiyyə, enerji və su kimi iqlimdən asılı sahələri hazırlıqlı olmağa çağırıb və tədbir görülməsi üçün “itirəcək vaxtın olmadığını” vurğulayıb.

El Nino təbii iqlim hadisəsidir və birbaşa iqlim dəyişikliyindən qaynaqlanmır. Lakin qalıq yanacaqların istifadəsi nəticəsində onsuz da isinən planetin temperaturunu daha da artırır, sel və quraqlıq kimi ekstremal hava hadisələrinin şiddətini yüksəldir.

El Nino Sakit okeanın ekvatorial hissəsində səth sularının temperaturunu artıraraq dünya üzrə külək, təzyiq və yağıntı rejimlərində dəyişikliklərə səbəb olur. Bu hadisə adətən 2-7 ildən bir baş verir və təxminən 9-12 ay davam edir.

Sakit okeanda nadir üçlü qasırğanın eyni vaxtda müşahidə olunması okean sularını isidən güclü El Nino ilə əlaqələndirilib.

Miçiqan Universitetinin iqlimşünası Julia Cole bildirib ki, üç qasırğanın eyni vaxtda müşahidə olunması “son dərəcə nadir hadisədir”.

Onun sözlərinə görə, El Ninonun yaratdığı istiləşmə əsasən isti sulardan qidalanan bu tip fırtınaların yaranması üçün əlverişli şərait yaradır. Tropik Sakit okeanın temperaturu normadan yüksək olduqda güclü fırtınaların sayı artır.

Çinin şərqində “Saudel” tayfununun səbəb olduğu güclü yağışlardan sonra onlarla avtomobil sel sularına qərq olaraq sürüklənib.

Güclü yağışlar səbəbindən Çjetszyan əyalətinin Vençjou şəhərindəki məktəb kampusunda 2 500-dən çox müəllim və şagird mühasirədə qalıb.

Futszyan və Çjetszyan əyalətlərinə güclü yağış gətirən fırtınanın qərbə doğru hərəkət edəcəyi gözlənilir. Çində bu yay ard-arda tayfunlar müşahidə olunur.