"EŞQ ÇİÇƏYİ" nərgizlər erkən çiçəkləyib

Azərbaycanda da çox sevilən Mersinin çiyələyi ilə məşhur olan Silifke rayonunda alternativ məhsul kimi əkilən nərgiz bitkisinin yığımına başlanılıb.

Sherg.az xəbər verir ki, Türkiyə üzrə soyuq hava təsirini davam etdirdiyi halda, Aralıq dənizi bölgəsində baharın müjdəçisi sayılan nərgizlər erkən çiçəkləyib. Çiyələyi ilə tanınan rayonun Atayurt məhəlləsində alternativ məhsul kimi yetişdirilən nərgizlərin hər dəstəsində 50 çiçək olur. Nərgizlərin bir dəstəsi 300 TL-dən satışa çıxarılır və məhsullar Türkiyənin dörd bir yanına göndərilir.

Yığımın palçıqlı və çətin relyef şəraitində aparıldığını bildirən istehsalçı Yeter Şen əməyin asan olmadığını vurğulayıb. Nərgiz istehsalını sevərək etdiklərini deyən Şen bildirib:

“Gördüyümüz iş ətri ilə seçilən bir zəhmətdir, amma biz bunu çox sevirik, heç nəyə dəyişmərik.”

Nərgiz bitkisi 30–35 santimetr hündürlüyə çata bilən, birillik soğanaqlı bitkilər sırasına daxildir. Parlaq yaşıl yarpaqlara malik olan nərgizlər tam günəş alan və ya yarımkölgəli yerlərə üstünlük verirlər.

Çiçəklərin tez solmaması üçün çiçəkləmə dövründə bitkinin həddindən artıq günəş şüalarından qorunması tövsiyə olunur.

Zərif quruluşa malik nərgiz çiçəyi “Fulya” və ya “Sevgi çiçəyi” adı ilə də tanınır. Latınca Narcissus adlanan bu xüsusi çiçək ev dekorasiyasında da geniş şəkildə istifadə edilir.