2026-2027-ci illərdə gözlənilən güclü "El-Nino" iqlim hadisəsinin dünya üzrə temperaturu kəskin yüksəldəcəyi və milyonlarla insanın həyatına təsir göstərəcəyi bildirilir.
Sherg.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) 2026-cı il üzrə iqlim hesabatında qlobal istiləşmənin təhlükəli həddə çatdığı vurğulanıb.
Hesabata əsasən, son 12 ilin hər biri müşahidələr tarixinin ən isti illəri sırasında yer alıb. Son dörd il isə indiyədək qeydə alınmış ən isti dörd il olub. 2026-cı ilin yanvar-sentyabr aylarında qlobal temperatur artımı sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 1,47 dərəcəyə çatıb.
Alimlərin diqqət çəkdiyi əsas təhlükələrdən biri Sakit okeanında okean səthinin temperaturunun yüksəlməsi ilə əlaqəli "El-Nino" hadisəsidir. WMO-nun baş katibi Seleste Saulo bildirib ki, "El- Nino" planetə birbaşa yeni istilik əlavə etmir, okeanlarda toplanmış istiliyin atmosferə ötürülməsini sürətləndirir.
Proqnozlara görə, 2026-cı ilin noyabrı ilə 2027-ci ilin yanvarı arasında tropik Sakit okeanda dəniz səthinin temperaturu "El- Nino" həddinin təxminən dörd qatına çata bilər. Bəzi modellər hadisənin son dərəcə güclü olacağını və 1997-1998, eləcə də 2015-2016-cı illərdəki "El-Nino" göstəricilərini geridə qoya biləcəyini ehtimal edir.
“Pandemiya miqyasında insan itkisi ola bilər”
Yel Universitetinin epidemioloqu Kolin Karlson 2026–2027-ci illərdəki "El- Nino" dövrünün dünya üzrə pandemiya miqyasında insan itkisinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun fikrincə, hadisə yalnız meteoroloji təhlükə deyil, həm də qlobal ictimai səhiyyə problemi kimi qiymətləndirilməlidir.
İlkin təhlillərdə yalnız həddindən artıq istilərlə əlaqəli ölüm hallarının təxminən yarım milyona çata biləcəyi ehtimal olunur. Denge qızdırması, vəba və digər yoluxucu xəstəliklərin yayılması riski də nəzərə alınarsa, səhiyyə sistemlərinin üzərinə düşən yük arta bilər.
Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyasının hələ elmi ekspertizadan keçməmiş modelləşdirməsində isə 2026-cı ilin iyunundan 2027-ci ilin fevralınadək yalnız ekstremal istilər səbəbindən 451 minədək əlavə ölüm qeydə alına biləcəyi proqnozlaşdırılır.
Türkiyədə qış necə keçəcək?
Mütəxəssislər El Niñonun Türkiyəyə təsirini yalnız quraqlıq və ya yağıntı ilə əlaqələndirməyin düzgün olmadığını bildirirlər. Ölkədə hava şəraitinə Şimali Atlantika tərəddüdü (NAO), Aralıq dənizində suyun temperaturu, Balkanlardakı yüksək və alçaq təzyiq mərkəzləri, eləcə də jet axınlarının mövqeyi təsir göstərəcək.
Meteoroloq Güvən Özdemirə görə, noyabrın soyuq keçməsi bütün qışın sərt olacağı anlamına gəlmir. Bununla belə, mövsümün ümumi temperaturu mülayim olsa belə, ayrı-ayrı dövrlərdə kəskin soyuqlar yaşanacaq. Qütb burulğanının zəifləməsi və atmosfer dalğalanmaları soyuq hava kütlələrinin Türkiyəyə enməsi ehtimalını artırır.
Özdemir Qara dəniz bölgəsində yağıntıların yenidən geniş yayılacağını, sahil ərazilərində yağış, Şərqi Qara dənizin daxili və yüksək dağlıq hissələrində isə sulu qar və qar yağacağını bildirib. Şərqi Anadoluda, xüsusilə Ərzurum və Qars ətrafında da qar yağışının təkrarlanacağı gözlənilir.