Ukrayna Trampın sülh planına düzəliş etdi

Ukrayna ABŞ-nin son 20 bəndlik sülh planı üzrə cavabını bənd-bənd Donald Tramp administrasiyasına göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” Ukrayna və ABŞ rəsmilərə istinadla məlumat yayıb.

Nəşr yazıb ki, Trampın sülh planı Rusiyanın xeyrinə ciddi ərazi güzəştləri və Ukraynadan digər tələbləri nəzərdə tutur, bu isə Prezident Volodimir Zelenskiyə ciddi təzyiq yaradır.

Məlumata görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umyerov cavabı Donald Trampın kürəkəni və müşaviri Cered Kuşnerə göndərib. Sənəd sülh planına Ukrayna üçün daha real və qəbul edilə bilən forma verməyə yönəlmiş şərh və təklif olunan düzəlişlərdən ibarətdir.

Ukrayna bundan əvvəl Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə məsləhətləşmələr aparıb və ərazi güzəşti, eləcə də Zaporojye Atom Elektrik Stansiyası kimi mübahisəli məsələlər üzrə yeni təkliflər əlavə ediblər.

Donald Tramp da bu arada Avropa İttifaqı liderləri ilə telefon danışığı apardığını bildirib: “Ukrayna barədə olduqca sərt müzakirə apardıq. Görək nə olacaq”.