Xəzərdə bu gün risklər böyükdür: Dənizin səviyyəsi 8-21 metr aşağı düşə bilər

Eldəniz Əmirov: “Volqa çayı və qlobal layihələr Xəzər dənizinin gələcəyini təhlükəyə atır”
2025-ci ilin sonuna qədər Xəzər dənizində suyun səviyyəsinin daha 25 sm enəcəyi proqnozlaşdırılır. Bu barədə Xəzər Media Forumunda “VNIRO” Volqa-Xəzər filialının rəhbər müavini Sergey Şipulin məlumat verib. Qeyd edək ki, bu, son beş ildə qeydə alınan ən güclü enmə olacaq. Onun sözlərinə görə, son 30 ildə dənizin ən yüksək səviyyəsi 1994-cü ildə müşahidə olunub, həmin vaxtdan isə davamlı enmə qeydə alınır: “Son beş ildə, xüsusilə 2020-ci ildən sonra dənizə çox az su daxil olub. Bu il isə əvvəlki illərin hamısından daha az olacaq. Biz hesab edirik ki, 2025-ci ilin sonunadək Xəzərin səviyyəsi əlavə 25 sm (±5 sm) azalacaq. Əgər yağıntıların azalması davam etsə, 2030-cu ilə qədər dəniz səviyyəsi 1 metrədək enə bilər”.
Sözügedən proqnozu şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a açıqlamasında deyib ki, Xəzər dənizi tarixi boyunca çox kəskin səviyyə dəyişmələri yaşayıb:
 “Xəzərin suyunun azalmasını təkcə insan faktoru ilə əlaqələndirmək yanlışdır. Son Pleyistosen dövründə (təqribən 20–18 min il əvvəl) dənizin səviyyəsi okean səviyyəsində 50 metr yüksək olub. Bu o deməkdir ki, indiki ilə müqayisədə Xəzər 78 metr daha hündürdə dayanıb və sahilboyu geniş əraziləri su altında saxlayıb. Başqa dövrlərdə isə səviyyə okean səviyyəsindən 50 metrə qədər enib. Yəni bu isə bugünkü vəziyyətdən 22 metr daha aşağı deməkdir. Bu, inanılmaz böyük enişdir. Sahil xəttinin böyük ölçüdə daralması deməkdir.
Ümumiyyətlə, Holosen dövründə, yəni son 12 min ildə də Xəzərin səviyyəsi dəfələrlə qalxıb və düşüb. Gah sahilboyu yaşayış məntəqələrini su altında qoyub, gah da geri çəkilərək yeni torpaqlar açıb.
Yəni fakt budur ki, Xəzərin “nəfəs alması”sı min illərdir təbii proses idi. Bunu təkcə müasir sənaye fəaliyyəti və qlobal istiləşmə ilə əlaqələndirmək düzgün deyil. Çünki hələ sənaye inqilabından min illər əvvəl də bu dəyişikliklər baş verib. Sadəcə, məsələ orasındadır ki, suyun qalxıb-çəkilməsi həmin dövrdə insanların yaşayışına böyük zərər vermirdi, çünki insanların həyatı və infrastruktur çox da mürəkkəb deyildi. Xəzərin səviyyəsi az-az dəyişdikcə insanlar buna uyğun həyatlarını tənzimləyirdilər. Amma bu gün vəziyyət tamamilə fərqlidir. Xəzərə tökülən çayların sululuğunun azalması, ələlxüsus da Volqa çayı ilə bağlı Rusiyanın atdığı addımlar Xəzər üçün riskləri dayanmadan artırır. Bu gün qloballaşan dünyada görülən işlər və icra olunan layihələr elə həcmdədir ki, onu dəyişmək asan deyil. Neft-qaz platformaları, boru kəmərləri, limanlar, Orta dəhliz kimi tranzit-logistika infrastrukturu, balıqçılıq sənayesi infrastrukturları çox böyükdür. Buna görə də hətta bir neçə metr səviyyə dəyişməsi bunlara ciddi təsir edə bilir.
Bu gün isə alimlərin proqnozlarına görə, 21-ci əsrin sonuna qədər Xəzər dənizinin su səviyyəsi 8–21 metr aşağı düşə bilər. Deməli, bu baş verərsə, Xəzər hövzəsi ölkələri böyük ölçüdə təsirlənəcəklər”.