Arda Güləri gözləyən təhlükə: "Real Madrid"də gələcəyi sual altındadır

Türkiyə millisinin və “Real Madrid”in gənc ulduzu Arda Gülərlə bağlı İspaniya mətbuatında diqqətçəkən iddia yayılıb.

Sherg.az-ın məlumatına görə, La Liqanın ikinci yarısı ərəfəsində Madrid klubunda Ardanın rolu yenidən qiymətləndirilir.

Bildirilir ki, mövsümə əsas layihələrdən biri kimi başlayan Arda Güler artan rəqabət və taktiki dəyişikliklər fonunda əvvəlki mövqeyini qismən itirib. Jude Bellinghamın əsas heyətə qayıtması, Rodrygonun form artımı və orta xətdə sıx rəqabət gənc futbolçunun şanslarını azaldıb.

Texniki heyət Ardanın potensialını yüksək qiymətləndirsə də, son dövrlərdə daha stabil oyun gözləyir. İspan mənbələri qeyd edir ki, “Real Madrid” rəhbərliyi ehtiyat variant kimi Ardanın icarəyə verilməsi və ya gələcək transferini də istisna etmir.

Sezonun qalan hissəsinin Arda Gülərin taleyində həlledici olacağı vurğulanır. Gənc futbolçu yenidən əsas heyətdə yerini möhkəmləndirə bilməsə, klub onunla bağlı yeni yol xəritəsi müəyyənləşdirə bilər.