Başına top dəyən futbolçu öldü

Argentinada futbol matçı zamanı başından top zərbəsi alan gənc futbolçu Abel Nunyes ölüb.

Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Velt" nəşri məlumat yayıb.

Hadisə Argentina Futbol Assosiasiyasının (AFA) gənclər arasında təşkil etdiyi turnirin qarşılaşmasında baş verib. "Ezeiza" klubunun formasını geyinən 2008-ci il təvəllüdlü futbolçu topu uzaqlaşdırarkən başından güclü zərbə alıb və huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Həkimlər gənc futbolçunu əməliyyat etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Klub faciəli xəbəri sosial şəbəkə hesabında paylaşaraq futbolçu ilə vidalaşıb:

"Dərin ağrı və böyük kədərlə bütün həyatı qarşıda olan gənc bir insanla vidalaşırıq. O, arxasında sözlə ifadə edilə bilməyən boşluq qoyur".

Qeyd edək ki, Abel Nunyes "Ezeiza"nın aşağı yaş qruplarında, həmçinin futzal üzrə "Nueva Estrella" klubunun ehtiyat komandasında çıxış edirdi. Hadisədən sonra onun qatılmış olduğu matç dayandırılıb.