Bəhlul Mustafazadəyə təkliflər var, Qurban Qurbanov təsdiqlədi

“Bəhlulla maraqlananlar var. Tək onunla yox, bir neçə futbolçu ilə maraqlananlar var. Danışıqlar gedir. Hələ ki, fikrimizi “Liverpul”la oyuna kökləmişik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Bəhlul Mustafazadəyə Çin klublarından təklif olunması ilə bağlı iddiaları təsdiqləyib. Qurbanov Elvin Cəfərquliyevə hər hansı təklifin olmadığını da qeyd edib.

O, məğlubiyyəti belə şərh edib: “Rəqib yaxşı mübarizə apardı və layiqli qələbə qazandılar. Deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionatın ikinci yarısına belə başlamaq istəməzdik. Buradan bəllidir ki, bizim üçün çətin olacaq. Bədavinin zədəsi ciddidir. Pis oldum”.

Baş məşqçi yeni transferlərlə bağlı danışıqların davam etdiyini qeyd edib: “Transferlərlə bağlı danışıqlar gedir. Mütləq şəkildə heyəti gücləndirmək lazımdır”.