Kənan Məstəliyev: “Qarabağın turu keçmək şansı demək olar ki, yoxdur!”

“Bütün üstünlük "Nyukasl"ın tərəfindədir. Böyükhesablı məğlubiyyət olsa da, faciə deyil”

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərədə "Nyukasl"la üz-üzə gələcək. Oyuna saat 00:00-da start veriləcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

İdman eksperti Kənan Məstəliyev Sherg.az-a “Qarabağın” turu keçməsiylə bağlı heç bir şans görmədiyini deyib:

“Reallığı qəbul etmək lazımdır. Rəqib birinci oyunda da göstərdi ki, çox güclüdür. Həqiqətən də keyfiyyətli futbolçuları, yüksək pressinq oynamaq bacarıqları var, fiziki baxımdan da çox güclüdürlər. Üstəlik, böyükhesablı qələbə qazandıqlarına görə psixoloji üstünlük də onların tərəfindədir. Cavab oyununu da öz evlərində keçirəcəklər. Yəni bütün mənalarda üstünlük rəqibin tərəfindədir. Ona görə də mən “Qarabağ”ın bu turu keçmək şansını görmürəm. Desək ki, bir faiz, bu da çox aşağı ehtimaldır”.

Ekspert bildirib ki, sona qədər mübarizə aparmalıyıq:

"Düşünürəm ki, “Qarabağ” müdafiədən oynayaraq, rəqibə az şans verərək bəxtini əkshücumlarda sınamalıdır. Qapımızda qol görməmək üçün düzgün addımlar atmalıyıq. Elə olan halda müəyyən şanslar yarana bilər. Evdəki matç artıq geridə qaldı. Səfərdəki oyunda isə düşünürəm ki, müəyyən şanslarımız olacaq. “Qarabağ” indiyə qədər etdikləri ilə tarix yazıb, Azərbaycan futbol tarixinə böyük imza atıb. Məğlubiyyət olsa, hətta böyükhesablı məğlubiyyət olsa belə, bu heç nəyi dəyişməyəcək. İndi əsas məsələ son matçda layiqli mübarizə aparmaqdır. Məğlub olsa belə, vacib olan layiqli oyun və yaxşı mübarizədir. Düşünürəm ki, bu oyunda minimal hesablı məğlubiyyət və ya heç-heçə bizim üçün yaxşı nəticə olar. Amma tur məsələsində demək olar ki, şans yoxdur. Real olaraq bunun baş vermə ehtimalı çox aşağıdır. Bu, təəssüf doğurur, amma problem deyil. Bu mərhələ özü böyük təcrübədir. Məğlubiyyətlər də inkişaf üçün vacibdir. Məsələn, yadıma gəlir ki, 2017-ci ildə Çempionlar Liqasının ilk oyununda biz “Çelsi”yə səfərdə 6:0 hesabı ilə məğlub olmuşduq. Səkkiz il sonra isə Bakıda “Çelsi” ilə 2:2 hesablı heç-heçə etdik. Yəni bu cür təcrübələr illər keçdikcə komandanın inkişafına təsir göstərir. Qazanılan təcrübə gələcək uğurlara zəmin yaradır”.