Liqa rəsmisindən Ronalduya cavab: Heç kim qaydalardan üstün deyil

Səudiyyə Ərəbistanı Pro Liqasının rəsmisi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldunun komandanın transfer siyasətindən narazı qalaraq oyunları boykot etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, liqa rəsmisi bütün klubların eyni maliyyə qaydaları çərçivəsində müstəqil fəaliyyət göstərdiyini vurğulayıb:

“Kriştianu gəldiyi gündən liqanın inkişafında böyük rol oynayıb. Lakin heç bir şəxs - nə qədər əhəmiyyətli olmasından asılı olmayaraq öz klubundan kənarda qərarlar qəbul edə bilməz. Liqada balans və rəqabət qorunur, dörd lider komanda arasındakı xal fərqi çox azdır”.

Xatırladaq ki, 41 yaşlı portuqaliyalı ulduzun Dövlət İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr”ə az, rəqiblərinə (xüsusən “Əl-Hilal”a) isə daha çox dəstək verməsindən qəzəbləndiyi bildirilir. Ronaldu bu vəziyyətə etiraz olaraq fevralın 2-də “Əl-Riyad”la oyuna çıxmaqdan imtina edib. İddialara görə, o, karyerasını davam etdirmək üçün müqaviləsindəki 50 milyon avroluq sərbəstqalma maddəsindən istifadə edərək yayda komandadan ayrıla bilər.