Fransanın PSJ klubu məhkəmənin qərarı ilə İspaniya "Real Madrid"inin futbolçusu Kilyan Mbappeyə olan borcun 4 milyon avrosunu ödəyib.
Teleqraf xəbər verir ki, bu barədə "L’Équipe" məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasındakı maliyyə münaqişəsi hələ də tam həll olunmayıb. Paris təmsilçisi məhkəmə icraçılarının müdaxiləsindən sonra keçmiş forvardına bu qismən ödənişi edib.
Daha əvvəl məhkəmə PSJ-nin Mbappeyə maaş borcu, bonuslar və hesablanmış faizlər daxil olmaqla ümumilikdə 60,9 milyon avro təzminat ödəməsi barədə qərar çıxarmışdı. Məbləğin böyük hissəsi əvvəllər köçürülsə də, qalan 6 milyon avronun 4 milyonu indi ödənilib. Yerdə qalan 2 milyon avro isə hələ də mübahisə mövzusudur. Belə ki, klub rəhbərliyi futbolçu ilə tam hesablaşdıqlarını iddia etsə də, Mbappe tərəfi bununla razılaşmır.
Xatırladaq ki, bu münaqişə Mbappenin 2024-cü ilin yayında azad agent kimi "Real Madrid"ə keçməsindən sonra yaranıb.