Türkiyə Superliqası təmsilçisi “Qalatasaray” aparıcı futbolçularından olan Lukas Torreyranı sata bilər.
Teleqraf Braziliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı uruqvaylı oyunçu üçün “Atletiko Mineyro” təklif göndərib.
Braziliya təmsilçisi Torreyra üçün 10 milyon avrodan aşağı məbləğdə təklif irəli sürsə də, bu, “Qalatasaray” rəhbərliyini qane etməyib. İstanbul klubu yarımmüdafiəçi üçün 20 milyon avro məbləğində transfer haqqı tələb edir.
Hazırda Braziliya təmsilçisi İstanbul klubuna ikinci və daha yüksək məbləğli təklif üzərində çalışır. Eyni zamanda, ilk rəsmi təklif “Qremio” klubundan gəlsə də, “sarı-qırmızılılar” bunu qəbul etməyib.
Futbolçunun meneceri “Qalatasaray”ın vitse-prezidentinə Torreyranın ailəsinə və Uruqvaya daha yaxın ölkədə oynamaq istədiyini, bu səbəbdən Braziliya variantına üstünlük verdiyini çatdırıb.
Qeyd edək ki, Lukas Torreyra 2022-ci ildən “Qalatasaray”ın formasını geyinir. O, bu mövsüm “sarı-qırmızılılar”ın heyətində 25 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.