"Qəbələ" səfərdə "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqasının XVII turunda "Qəbələ" səfərdə "Şamaxı"nı məğlub edib.

"Report" xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində ilk qolu 45-ci dəqiqədə Domi Massumo vurub. Hissələrarası fasilədən sonra, 46-cı dəqiqədə isə "Qəbələ" İsaak Amoahın sayəsində ikinci qolu rəqib qapısından keçirib. Görüşün 81-ci dəqiqəsində İsmael Akinade fərqi 3 topa çatdırıb. Matça əlavə olunmuş vaxtda isə Fərid İsgəndərov komandasının 4-cü qolunu vurmaqla son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 11-ə yüksəldən "Qəbələ" turnir cədvəlinin 10-cu pilləsində yer alıb. 20 xala malik "Şamaxı" isə səkkizincidir.

Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.