Ronaldu və Messinin illik qazancı açıqlandı

ABŞ-nin “Sportico” nəşri 2025-ci ildə ən çox qazanan idmançıların siyahısını hazırlayıb.

Teleqraf xəbər verir ki, ulduz futbolçu Kriştianu Ronaldu ötən ilin ən yüksək gəlir əldə edən idmançısı olub.

40 yaşlı oyunçu il ərzində ümumilikdə 260 milyon dollar (239,2 milyon avro) qazanıb. Bu məbləğin 200 milyon dolları (184 milyon avro) “Əl-Nəsr” klubundan aldığı maaşın, qalan 60 milyon dolları (55,2 milyon avro) isə sponsorluq müqavilələri və meydandan kənar fəaliyyətlərin payına düşür.

İkinci pillədə boksçu Saul Alvares qərarlaşıb. O, rinqdə 125 milyon dollar (115 milyon avro), reklam və sponsorluqdan isə əlavə 12 milyon dollar (11,04 milyon avro) gəlir əldə edib.

Üçüncü yeri ulduz futbolçu Lionel Messi tutub. Onun ümumi gəliri 130 milyon dollar (119,6 milyon avro) təşkil edir. Bunun 60 milyon dolları (55,2 milyon avro) “İnter Mayami”dən aldığı maaşın, 70 milyon dolları (64,4 milyon avro) isə sponsorluq müqavilələrindən gələn qazancın payına düşür.

İlk onluqda yer alan digər idmançılar bunlardır:

• Xuan Soto (beysbolçu, “Mets”) — 129,2 milyon dollar (118,86 milyon avro)

• Lebron Ceyms (basketbolçu, “Leykers”) — 128,7 milyon dollar (118,4 milyon avro)

• Kərim Benzema (futbolçu, “Əl-İttihad”) — 115 milyon dollar (105,8 milyon avro)

• Stefen Karri (basketbolçu, “Qolden Steyt”) — 105,4 milyon dollar (96,97 milyon avro)

• Şohei Otani (beysbolçu, “Dodcers”) — 102,5 milyon dollar (94,3 milyon avro)

• Kevin Durant (basketbolçu, “Hyuston”) — 100,8 milyon dollar (92,74 milyon avro)

• Con Ram (qolfçu) — 100,7 milyon dollar (92,64 milyon avro)

Qeyd edək ki, ilk 100-lük siyahıya heç bir qadın idmançı daxil olmayıb.