- Bir milyondan artıq azərbaycanlı Azadlıq meydanında bir yumruq kimi birləşdi
- Sovet imperiyasına meydan oxuyan xalq müstəqilliyə gedən yolu açdı
1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan xalq hərəkatı Azərbaycan tarixində milli oyanışın və azadlıq mübarizəsinin mühüm mərhələsinə çevrilib. Həmin günlərdə xalqımız öz milli iradəsini, müstəqillik və suverenlik arzularını nümayiş etdirərək tariximizin şərəfli səhifələrindən birini yazıb.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatına başlaması və bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.
Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün ərzində fasiləsiz davam edən və milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyalarından biri idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan xalq hərəkatının mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu hadisə Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
Milli Dirçəliş hərəkatı Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm rol oynayıb və 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasına aparan yolun əsas hadisələrindən biri olub. Bu tarixi proses xalqımızın milli həmrəyliyini, Vətənə bağlılığını və müstəqil dövlət qurmaq əzmini bir daha nümayiş etdirib.
Bu gün müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlət suverenliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması həmin mübarizənin tarixi əhəmiyyətini daha da artırır.
Həmin dövrdə hərəkatın fəal gənclərindən olan, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın yeni tarixinin ən mühüm və əlamətdar hadisələrindən biridir. Onun sözlərinə görə, bu tarix Azərbaycan xalqının milli oyanışının, öz hüquq və azadlıqları uğrunda mübarizəyə qalxmasının rəmzinə çevrilib:
“70 illik sovet hakimiyyətinin təzyiq və basqılarından sonra xalqın meydanlara axışaraq etiraz səsini ucaltması, öz hüquqlarını tələb etməsi milli tariximizdə dönüş nöqtəsi olub. 17 Noyabr Azərbaycan xalqının oyanış və öz hüquqları uğrunda mübarizəyə qalxdığı gündür. Həmin gün xalqımız uzun illər davam edən sovet basqısından sonra meydanlara axışdı, etiraz səsini ucaltdı və haqlarını tələb etdi. O günlərdə bütün Azərbaycan sanki bir yumruq, bir ürək kimi birləşmişdi. Azadlıq meydanında bir milyondan artıq insanın toplaşaraq Qarabağda baş qaldıran separatizmə, Moskvanın və imperiya rəhbərliyinin xalqımızın hüquqlarını tapdalayan siyasətinə etiraz etməsi böyük tarixi hadisə idi.
Məhz həmin hadisələrdən sonra Azərbaycanda Milli Azadlıq Hərəkatı açıq və daha sistemli xarakter aldı. Xalqın meydanlarda nümayiş etdirdiyi birlik və qətiyyət müstəqillik uğrunda mübarizənin mütəşəkkil şəkildə davam etməsinə zəmin yaratdı. Bu mübarizə nəticə etibarilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı və müstəqil dövlətçiliyimizin əsasları qoyuldu. Bu baxımdan 17 Noyabr yeni tariximizin ən mühüm günlərindən biri kimi Milli Dirçəliş Günü adını daşıyır.
Bu günü həm də Azərbaycan xalqının milli yaddaşının və azadlıq ruhunun oyanışı kimi qiymətləndirmək lazımdır. Yetmiş il ərzində sovet rejiminin təzyiq və basqıları altında yaşayan xalqımız özündə güc taparaq meydana çıxdı, haqqını tələb etdi. Ən əsası, bu mübarizə ardıcıl və qətiyyətli xarakter aldı, nəticədə xalqımız qarşıya qoyduğu əsas məqsədə – dövlət müstəqilliyimizin bərpasına nail oldu”.