İrəvan da gec-tez tam reallıq hissinə qayıdacaq
Baş nazirin emosional açıqlamalarını, erməni müxalifətçilərinin revanşist ritorikasını postmünaqişə dövrünün sancıları kimi dəyərləndirmək lazımdır
Məlum olduğu kimi Moskvada Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun növbəti görüşü baş tutub. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Prezident İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.
Son günlər Qarabağda baş verən təxribatlar, neqativ hadisələr, Ermənistandan səslənən revanşist açıqlamalar danışıqlara inamı azaldır, prosesin dayandığı görüntüsünü yaradır. Belə məqamda üçtərəfli təmaslarda müzakirələrin necə, hansı müstəvidə getdiyi maraq doğurur.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında deyib ki, Qarabağda baş verən müəyyən neqativ hadisələr, o cümlədən atəşkəsin pozulması halları, habelə Ermənistan rəsmilərinin mövsümi xarakterli bəzi revanşist açıqlamaları danışıqlar prosesinə, müzakirələrin müsbət nəticələrlə yekunlaşacağına inamımızı qətiyyən azaltmamalıdır. Partiya rəhbərinin sözlərinə görə, müharibədə məğlubiyyətə uğramış tərəfin qeyri-adekvat davranışlar nümayiş etdirməsi tamamilə təbii haldır:
“Ermənistanın qeyri-sabit siyasətini, tərəddüdlərini, baş nazirin emosional açıqlamalarını, erməni müxalifətçilərinin revanşist ritorikasını postmünaqişə dövrünün sancıları kimi dəyərləndirmək lazımdır. Əlbəttə, bütün bunlar ilk baxışdan prosesin dayandığı təəssüratını yarada bilər. Lakin bunlar zamanla ötüb keçəcək və rəsmi İrəvan tədricən tam reallıq hissinə qayıdacaq. Getdikcə daha konstruktiv və rasional siyasət yürütməyə başlayacaq. Ümumi gedişat bu fikrimizi təsdiqləyir. Baxın, hazırkı Nikol Paşinyan 6 ay və yaxud bir il bundan öncəki Paşinyan deyil. Adam get-gedə daha çox ipə-sapa yatmağa və realist siyasət yürütməyə başlayır. 44 günlük müharibədən sonra hazırda Cənubi Qafqazda tamamilə yeni reallıqların yarandığını Ermənistan siyasətçiləri arasında Paşinyan hamıdan daha yaxşı başa düşür. O dərk edir ki, Ermənistanın Azərbaycan ilə sülh bağlamaqdan, sərhədlərin demarkasiyası və delimitisasiyası prosesini başa çatdırmaqdan, nəqliyyat-kommunikasiya xətlərini açmaqdan, Türkiyə və Azərbaycana qarşı konfrantasiya siyasətindən əl çəkib regional əməkdaşlıq siyasətinə keçid etməkdən başqa heç bir alternativ yoxdur. Ermənistanın baş naziri çox gözəl anlayır ki, gah Rusiyanın, gah Fransanın, gah da İranın himayəsinə sığınmaq və onlardan dəstək istəmək, yardım diləmək erməni xalqına nə tərəqqi, nədəki xoşbəxtlik gətirəcək”.
Ə.Hüseynov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müsahibələrində, işğaldan azad edilmiş rayonlarımıza səfərləri zamanı çıxışlarında Ermənistan rəhbərliyinə davamlı şəkildə sülh mesajları ünvanlaması, Zəngəzur dəhlizinin açılmasının labüdlüyü barədə qətiyyətli fikirlər səsləndirməsi Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinə ciddi psixoloji təsir gücünə malikdir:
“Prezidentin Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı verdiyi nikbin açıqlamalar da hər birimizi gələcəyə inamla baxmağa kökləyir. Dövlət başçısı birmənalı şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, biz qarşıya qoyduğumuz hədəflərimizə, istədiyimizə nail oluruq. Ayrı-ayrı kiçik insidentləri və erməni tərəfinin bəzi qeyri-konstruktiv açıqlamalarını nəzərə almasaq, bütövlükdə postmünaqişə dövrü sakit keçir. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll olunması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrupun görüşləri davam edir. Sərhədlərin müəyyənləşdirilməsi prosesi də tezliklə bərpa ediləcək. Azərbaycan tərəfi bu prosesə tam hazırdır və Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bu yaxınlarda keçirilən iclasındakı çıxışında da bir daha bildirdi ki, Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Biz ümid edirik ki, Paşinyan bu tarixi şansı düzgün dəyərləndirəcək və Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh sazişi imzalanacaq. Bu, ilk növbədə Ermənistanın öz maraq və mənafelərinə cavab verən bir hadisə olardı”.
Politoloq vurğulayıb ki, Ermənistanda hər kəs başa düşməlidir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması zamanın tələbidir:
“Ermənistan dövləti və erməni xalqı bundan sonra ənənəvi təcavüzkar siyasətlə və şovinist-millətçi dünyagörüşü ilə artrıq öz varlığını qoruyub saxlaya bilməyəcək. O, bütün qonşuları ilə (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) münasibətlərini normallaşdırmağa məcburdur. 10 noyabr və 11 yanvar bəyanatlarının müddəalarının reallaşması labüddür və qaçılmazdır. Odur ki, əvvəlkindən fərqli olaraq indi Ermənistan tərəfi ziddiyyətli bəyanatlar verməkdən, danışıqlar prosesini süni surətdə ləngitməkdən çəkinməlidir. Ümid edirik, son vaxtlar Ermənistan hökuməti tərəfindən verilən müsbət məzmunlu mesajlar yalnız söz olaraq qalmayacaq.
Danışıqlar hər şeyə rəğmən davam etdiriləcək və yaxın perspektivdə müsbət nəticələr əldə etmək mümkün olacaq. Ermənistan öz sülhpərvərliyini sözdə deyil, əməldə sübut etməyi bacarmalıdır”.