Rusiyanın da marağında olan "Altılıq platforma"sı hazırda mümkün görünmür
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib ki, Rusiya "3+3" formatına dair Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü təşəbbüsü dəstəkləyib. XİN rəsmisi bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb: “Hesab edirik ki, çoxtərəfli regional əməkdaşlıq bu formatın bütün iştirakçılarının maraqlarına cavab verir.
Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə inamın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun nəqliyyat və iqtisadi potensialının üzə çıxmasına kömək edərdi”.
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, Zaxarovanın söylədiyi fikirlər maraqlı və yaxşıdır. Ancaq məsələ orasındadır ki, "Altılıq platforma"nın iştirakçılarının hamısının bu məsələdə eyni fikirdə olması sual altındadır:
"Çünki Rusiyanın özü bu gün Gürcüstanla münaqişə vəziyyətindədir. Gürcüstan da rəsmi şəkildə hər dəfə açıq şəkildə bildirir ki, biz Rusiya ilə hər hansı bir platformada iştirak etmək istəmirik. Nəzərinizə çatdırım ki, Gürcüstan özü hətta Müstəqil Dövlətlər Birliyindən çıxdı. Bu onu göstərdi ki, Gürcüstan Rusiyanın olduğu bir yerdə olmaq istəmir. Məsələ burasındadır ki, "Altılıq platforma"nın reallaşması məsələsi indiki vəziyyətdə gündəmdə deyil. Çünki Gürcüstan şərt olaraq qarşıya qoya bilər ki, Rusiya Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiya ərazisini qaytarsın. Ondan sonra bu məsələ ilə bağlı danışıqlara getsin. Praktiki cəhətdən Rusiya bunu qaytarmır və qaytarmaq niyyətində də deyil. Yəni bütün bunları nəzərə alaraq demək olar ki, "Altılıq platforma"nın bütün dövlətlərin iştirakı ilə baş tutması hələ ki, qeyri-mümkün görünür. Rusiya təbii ki, həmin əraziləri qaytarmağı özünə qarşı təhdid bilir. Çünki Gürcüstan bununla ondan tamam çıxa bilər və ona görə də Rusiya bu riskə getmək istəməz".
S.Hümbətov əlavə edib ki, 2014-cü ildə Ukrayna müharibəsindən sonra Rusiyanın üzərinə Qərb ölkələrindən, xüsusən də ABŞ-dan güclü bir sanksiyalar paketi gəldi:
"Rusiya bu günləri öz neftini, qazını Qərb ölkələrinə demək olar ki, rahat şəkildə sata bilmir. Baxmayaraq ki, "Şimal Axını-2" artıq layihə olaraq həyata keçirilib. Avropa ölkələri demək olar ki, qaz təminatı ilə bağlı 40 faizdən yuxarı Rusiyadan asılıdır. Amma ABŞ-ın güclü təzyiqləri nəticəsində Avropa dövlətləri Rusiyadan enerji alışını azaltmağa çalışırlar və bu, nəticə etibarilə Rusiya iqtisadiyyatına ciddi zərbə olur. Bütün bunları nəzərə alaraq onu qeyd edə bilərik ki, Rusiya öz qazını burada altılıq ölkələrin vasitəsilə Qərb bazarlarına, Avropa bazarına çıxarmaq istəyir. Yəni bunu bir növ Türkiyənin vasitəsilə etmək istəyir. Bununla da ticarət və iqtisadi əlaqələri canlandırmaq istəyir. Özünün dominantlığını formalaşdırmaq istəyir. Çünki son dövrlər Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqaz, ümumiyyətlə, regionla bağlı geniş bir layihələri həyata keçirməyə başlanılıb. Bu da nəticə etibarilə Rusiyanın marağına xidmət eləmir. Bütün bunları nəzərə alaraq Rusiyanın bu məsələdə niyə maraqlı olduğunu məhz bu amillərlə əlaqələndirmək olar. Hesab edirəm ki, Rusiya üçün bu gün önəmli olan bu "Altılıq platforma"nın mümkün qədər tez reallaşdırmaqdır. Çünki bu platforma vasitəsilə Cənubi Qafqaz dövlətlərinə təsir mexanizmlərini əlində saxlamaq niyyətindədir. Amma düşünmürəm ki, bu platforma yaxın vaxtlarda reallaşa bilər və bütün dövlətlər burada iştirak edə bilər. Bəlkə də "3+2" formatında ola bilər, yaxud da ki, digər formatlar nəzərdə tutula bilər. Ancaq indiki vəziyyətdə " 3+3" formatının olması fikrimcə, inandırıcı görünmür".