Millət vəkili: "Türkiyə Azərbaycan qardaşlığı və birliyi tarixi sınaqlardan çıxıb" -

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər. Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib. Hər iki ölkənin dövlət başçılarının təyyarələri nəhəng su tağının altından keçib. Dövlət başçıları açılış mərasimində çıxış ediblər. Prezident İlham Əliyevə, Prezident Rəcəb Tayyib Ərdoğana və digər şəxslərə xatirə hədiyyələri təqdim olunub. Sonra hava limanının açılışını bildirən rəmzi lent kəsilib. Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Qardaş ölkədə hava limanının açılışı ilə bağlı "Sherg.az"a danışan millət vəkili Azər Badamov deyib ki, Rize-Artvin hava limanının açılışında Prezident İlham Əliyevin Türkiyə Prezidenti Ərdoğanla  çiyin-çiyinə dayanması və bu xoş gündə yanında olması sarsılmaz və möhkəm birliyimizin göstəricisidir: 

"Türkiyə Azərbaycan qardaşlığı və birliyi tarixi sınaqlardan çıxıb. Əbədi birlik olduğunu əməllərdə təsdiq olunub. Tədbirdə çıxış edən cənab Prezident dünyaya istiqamətlənmiş mesajlar səsləndirmişdi. Dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, Türkiyə və Azərbaycan yaxşı, xoş və dar gündə bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident Ərdoğanın "Türkiyə hər cürə köməklə Azərbaycanın yanındadır" deməsi və bu dəstəyin daim nümayiş etdirilməsi Azərbaycanı xarici müdaxilələrdən qorudu. Şuşada imzalanmış Bəyannamə isə Türkiyə Azərbaycan münasibətlərini dostluq və qardaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə gətirdi. Prezident İlham Əliyevin öz çıxışında Türkiyə ilə müttəfiq olduğumuzu bir daha bəyan etməsi yaratdığımız yeni reallığa mane olmaq istəyən dairələrə ünvanlamış bir mesajdır. Bəli, yaratdığığmız yeni reallığa alternativ yoxdur. Türkiyənin yanımızda olması gücümüzə güc qatır".