Mirziyoyev konstitusiyanın Qaraqalpaqla bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konstitusiyanın Qaraqalpaqla bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı bölgədə baş verən iğtişaşlardan sonra müvafiq addımı atıb.

18:53
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə gedib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa uçub.

Ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.

"Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi iyunun 25-də ictimai müzakirə üçün parlament nəşrlərində dərc olunub. Parlamentin qərarına əsasən, layihənin müzakirəsi iyulun 5-dək davam edəcək, bundan sonra layihə referenduma çıxarılacaq. Qanun layihəsində konstitusiyanın 64 maddəsinə 200-dən çox dəyişiklik nəzərdə tutulur. Onların arasında Özbəkistan prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılması, ölüm hökmünün qadağan edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının qadağan edilməsi ilə bağlı bənd var.