2026-cı ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək - ŞƏRH

Prezident İlham Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən il və qarşıdakı dövrlə bağlı mühüm mesajlar səsləndirildi. Cənab Prezidentin xalqa müraciəti bu mənada mühüm yol xəritəsi hesab edilir. Ölkəmizin başçısı 2025-ci ilin ölkəmiz, xalqımız üçün uğurlu olduğunu bəyan etdi. Azərbaycan xalqının sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşadğı vurğulandı.

Sherg.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, dövlət başçısının da bəyan etdiyi kimi ölkəmizdə ötən ildə də əldə edilən uğurların təməlində məhz xalq-iqtidar birliyi amili dayanır: “Sözsüz ki, 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq. Qarşıda duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcək.

Azərbaycan xalqı 2020-ci ilin 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Təbii ki, Vətən müharibəsi zamanı əldə edilən tarixi Zəfərimiz əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcək. Cənab Prezident də çıxışında məhz bu amiləri bir daha diqqətə çatdırdı.

2020-ci ilin Vətən müharibəsi nəticəsində otuzillik erməni işğalına son qoyulub. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyinin tam təmin edib.

2025-ci ildə məhz Vətən müharibəsindəki tarixi Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan Ordusunun gücü və imkanları bir daha nümayiş etdirildi.

Sözsüz ki, Vətən müharibəsindəki Zəfərdən sonra siyasi-diplomatik müstəvidə də ölkəmizin bütün maraqları ən yüksək səviyyədə təmin edilib.

Məhz bunun nəticəsidir ki, keçmiş münaqişə vəziyyəti zamanı təsis edilmiş əslində ötən 30 illik dövrdə heç bir müsbət addımı ilə xarakterizə edilməyən ATƏT-in Minsk qrupu layiq olduğu qiyməti nahayət almış oldu. Beləliklə, Minsk qrupu tarixin arxivinə göndərildi. Cənab Prezidentin də qeyd etdiyi kimi keçmiş Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silindi.

Azərbaycan dövləti hər zaman olduğu kimi qazandığı Zəfər fonunda Ermənistana ilk sülh əlini uzadan tərəf oldu. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, “Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik”.

Deputat bildirib ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş naziri tərəfindən sülh sazişinin paraflanması mühüm addım idi: “Bu Azərbaycanın sülh prosesinə olan birmənalı yanaşmasının bariz nümunəsidir. Azərbaycan xalqı və dövləti torpaqlarının azadlığı və suverenliyi uğurunda canını qurban vermiş şəhidləri heç vaxt unutmur və onların əziz xatirəsi hər zaman yüksək tutulur. Şəhidlərimiz, qazilərimizin qəhrəmanlığı sayəsində bu gün 30 ilik erməni işğalından azad edilən torpaqlarımızda şanlı bayrağımız qürurla dalğalanır.

Tarixi qələbədən sonra Azərbaycan dövlətinə beynəlxalq münasibətlər sistemində yanaşmalar da tamamilə dəyişib. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Cənab Prezident də çıxışında məhz bu amilləri bir daha bəyan etdi. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bu gün ölkəmizin xarici siyasəti çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır. Ötən il ölkəmizin D-8 beynəlxalq təşkilatına üzv olması bu xüsusda mühüm önəm kəsb edir. Həmçinin Azərbaycanın 2025-ci ildə Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçilməsi də əlamətdar tarixi hadisələrdən biri idi.

Azərbaycan hər zaman olduğu kimi mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi xarakterizə edilir bu mənada ötən il Xankəndidə ECO-nun Zirvə Görüşünü keçirilməsi xüsusilə qeyd edilməlidir. Həmçinin Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də mühüm əlamətdar hadisələrdən oldu. Bu cənab Prezidentin “bizim ailəmiz Türk dünyasıdır” prinsipinin növbəti təzahürü kimi də xarakterizə edilir”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan bu gün bütün sahələrdə olduğu kimi iqtisadi inkişaf istiqamətlərində mühüm uğurlar əldə edib: “Ölkə başçısının da bəyan etdiyi kimi ölkəmizin valyuta ehtiyatları tarixi rekord həddə çataraq 80 milyard dollardan artıq olub. Həmçinin ölkəmizin xarici borcu daha da aşağı düşüb. Bu ölkəmizin ümumdaxili məhsulunun cəmi 6,3 faizini təşkil edir. Bununla da ölkəmizin valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyir. Məhz bu amil dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.

Təbii ki, bütün qarşıda duran vəzifələrlə yanaşı Qarabağ və Şərqi Zəngəzurun bərpası, 30 illik erməni babarlığının acı nəticələrinin aradan qaldırılması, bölgənin inkişafının təmin edilməsi mühüm önəm kəsb edir. Bu xüsusda “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır. Artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılıb.

Sözsüz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin liderliyi ilə icra edilən mühüm işlərdir ki, qarşıdakı illərdə də Azərbaycan ulu öndər Heydər Əliyev strategiyasına və müasir praqmatik siyasi inkişaf istiqamətlərinə uyğun olaraq daha böyük hədəflərə çatacaq”.