"İrandakı Azərbaycan səfirliyində baş vermiş terror hadisəsini şiddətlə qınayırıq"
Bunu "Sherg.az"a açıqlamasında Türkiyənin ehtiyatda olan generalı, hərbi-siyasi ekspert Ərdoğan Karakuş deyib.
O qeyd edib:
"Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da "Hadisənin günahkarları təcili tapılmalıdır. Azərbaycanın səfirliyinə edilən hücumu Türkiyəyə edilmiş qəbul edirik" deyib. Buna əlavə edim ki, günahkarların tapılması kifayət deyil. Əsasən onların kim tərəfindən istifadə edildiyini öyrənmək lazımdır.
Yəni belə olduğu təqdirdə Azərbaycan və Türkiyə hansı addımları atacağını daha rahat şəkildə düşünə biləcək. Amma bu işlərdə kəşfiyyat təşkilatları hər şeyi müəyyən edir. Terrorçuların hansı kəşfiyyat idarəsi tərəfindən idarə olunduğunu tapmaq lazımdır.
Bunun üçün isə Türkiyə və Azərbaycan birlikdə çalışmalıdır. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində torpaqlarını azad etməsi ən çox İranı narahat etdi.
Bunun əsas səbəbi isə orada 47 milyon türkün yaşamasıdır. İranda 30 milyon cənubi azərbaycanlı və 17 milyon digər türk mənşəli xalqlar yaşayır.
Ümumiyyətlə, İranı düşmanlığı dayandırmağa məcbur etmək lazımdır. Rəsmi Tehranın İrəvanın tərəfini tutmasının qarşısını almaq üçün birlikdə hərəkət etməliyik. Bir daha Azərbaycana başın sağ olsun deyir, yaralıların tezliklə sağalmasını diləyirəm".