Misir prezidentinin Bakıya səfəri mühüm hadisədir

İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var


  Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb olub. Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən, Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir prezidenti ilə görüşüb. 

Prezidentlərin görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. 2006-cı ildə Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Prezident İlham Əliyev 2007-ci il mayın 6-8-də Misirdə rəsmi səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. 
  Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir. Əlaqələr turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanla Misir arasında əlaqələr dərin tarixi köklərə söykənir. Deputatın sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə daxil olub. Azərbaycanın Misirdə, Misirin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb: "Misirlə Azərbaycan arasında əlaqələr Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri, ovaxtki Misir Prezidenti Hüsnü Mübarəklə müzakirələrdən sonra yeni mərhələyə qədəm qoydu. Həmin dövrdən başlayaraq iki ölkənin müxtəlif dövlət qurumları arasında əlaqələr daha da inkişaf etdi, qarşılıqlı səfərlərin həyata keçirilməsinə başlanıldı. Sonrakı dövrdə 2007-ci il mayın 6-8-də Prezident İlham Əliyev Qahirəyə rəsmi səfər etdi. Səfər zamanı imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdi. Bu gün Misirlə Azərbaycan bir çox beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. 

Misir torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Həmçinin İƏT-in Ermənistanın işğalçı siyasətini pisləyən qərarlarına qoşulub. Misir ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə də fəal iştirak edib. 2022-ci il fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası isə ikitərəfli əməkdaşlığın möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub. İclasın sonunda Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb. 

Onu da qeyd etmək lazımdır ki, son 24 ildə Misirin Azərbaycana ixracının həcmi 21,7 faiz artaraq 10 milyard dollara çatıb. Eyni zamanda Süveyş Kanalı Azad İqtisadi Zonası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq, kiçik və orta sahibkarların əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur. Misir prezidentinin ölkəmizə son səfəri, yüksək səviyyəli müzakirələr iki dost ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".