Minatəmizləmə işlərinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır

Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib

Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfrans başa çatıb. Konfransın yekunlarına dair bəyannamə qəbul edilib. Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İşğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 

44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub. Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. Qeyd etmək lazımdır ki, "Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir. Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar. İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər. Beynəlxalq humanitar minatəmizləmə konfransın əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır. Konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır. 
Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və 25 il əvvəl ANAMA yaradılıb. Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. Azərbaycan qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir – Azərbaycan humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-ikimi təsis edilməsi təşəbbüsü ilə çıxış edib, Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.