İrəvandan Bakıya təzyiq etmək asan deyil  - ŞƏRH

Şahramanyanı siyasi fiqur kimi şişirtməyə ehtiyac yoxdur. O bunu qondarma qurumun bir neçə günlük "rəhbəri" olarkən də sübut etdi. Yəni kresloda oturar-oturmaz özünü buraxma sənədi imzalamaq məcburiyyətində qaldı. 

Halbuki təyinatından sonra "parlament"də boyundan uzun bəyanatlar verərək Azərbaycana tələblər irəli sürmüşdü".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Natiq Miri Ermənistandakı daxili vəziyyətdən danışarkən deyib.

O bildirib ki, Şahramanyanın uğursuzluğa onu Qarabağ erməniləri arasında populyar edə bilməz:

"Çünki "rejim"i müdafiə edən qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi və qondarma qurumun özünü buraxması sənədini imzalayan məhz Şahramanyan olub. Həmçinin Qarabağ ermənilərinin təcili sürətdə köçməsi ilə bağlı qeyri-rəsmi əmr də onun rəhbərliyi altında verilib. Hətta Qarabağdan köçən ermənilər bildirirlər ki, bizə əraziləri köçüb Ermənistana getməyi azərbaycanlılar yox, separatçı rejimin rəhbərliyi deyib. Digər tərəfdən separatçıların İrəvandakı müvəqqəti ofisinə Qarabağdan köçən ermənilərin hücumu da Şahramanyana olan güvənsizliyin bariz nümunəsidir. İnsanlara vəd edilən maaşın verilməsində də ciddi problemlər var. Bu maaşı isə Ermənistan hökuməti yox, Qarabağda mövcud olan separatçı rejim ödəməli idi. Çünki Ermənistan hökuməti tərəfindən bu quldur rejimə illik 360 milyon dollar vəsait ayrılırdı. Bu konteksdə ilin sonuna qədər ödənişlər separatçı rejim tərəfindən verilməli idi. Ancaq ödənilmədi. Həmçinin özünü buraxma və tərksilah prosesindən sonra ciddi maxinasiya faktları aşkarlanıb. Ola bilsin ki, artıq bununla bağlı Ermənistanın hüquq mühafizə orqanlarında cinayət başladılacaq. Çünki ayrılan vəsaitlərin hara getməsi ilə bağlı məlumatlar yoxdursa, demək ki, ortada cinayət xarakterli mənimsəmə mövcuddur. İstər Araik Arutyunyanın, istərsə də Şahramanyanın bu məsələləri araşdırılmalıdır. Düşünürəm ki, çox keçmədən Şahramanyan və qondarma rejimin digər nümayəndələri istintaqa cəlb olunaraq ifadələri alınacaq. Hətta Paşinyanın adamı kimi təqdim olunan Samvel Babayanın açıqlamalarından sonra konkret cinayət işi də açılıb. Ona görə də Şahramanyan və onun rəhbərlik etdiyi "Qarabağ icması"nı ciddi təhlükə saymıram".
Analitik əlavə edib ki, Şahramanyanın timsalında verilən açıqlamalar Paşinyan hökumətini təhdid etmək xarakteri daşıyırdı:

"Bu isə tərs təpdi. Həmçinin düşünürəm ki, Şahramanyanın ofisinə olunan hücumda Paşinyan hakimiyyətinin də barmağı var. Yəni artıq onun rəhbərlik edə biləcəyi mərkəzin yox olması planı reallaşdırılmaqdadır. Ümumiyyətlə Şahramanyan Paşinyan hakimiyyətinin dostu sayılmır. Ona görə də Qarabağ klanının Ermənistanda ciddi fəaliyyətə başlayacağını düşünmürəm. Əgər belə bir şeyə cəhd olunsa, Paşinyan hökuməti Şahramanyana icazə verməz. Əksinə öz adamlarını başa gətirərək bundan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edə bilər. Lakin İrəvandan Bakıya təzyiq etmək bir o qədər də asan deyil. Ümumiyyətlə Qarabağdan köçən əhali ya Xarici ölkələrdə yaşayan qohumlarının yanına gedərək çörək pulu qazanacaqlar, ya da Ermənistan hökumətinin verdiyi yardımla yetinəcəklər. Yəni onların hansısa sərsəm idealogiyanın arxasınca getmək həvəsləri yoxdur".