Hər bir hərbi təlimin siyasi nəticələri var - Yücel Karauz

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Təlimləri "Sherg.az"a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz söyləyib ki, tətbiqatlar hərbi gücün nümayiş etdirildiyi və siyasi gücə dəstək verən fəaliyyətlərdir:

"Yəni hər bir hərbi təlimin siyasi nəticələri və hədəfləri var. Digər tərəfdən Ermənistan müdafiə nazirinin Fransaya gedib hərbi müqavilə imzaladığı bir dönəmdə Türkiyə və Azərbaycanın təlimlər həyata keçirməsi siyasi məqsəd və güc nümayişidir. Həmçinin Cənubi Qafqazda dəyişən geopolitik vəziyyət və Şuşa bəyannaməsinin yansımasıdır. Eyni zamanda təlimlərə digər ölkələrin müdafiə nazirlərinin qatılması bu güc nümayişini dostlarla paylaşmaq mənasına gəlir".
Y.Karauzun sözlərinə görə təlimlər çərçivəsində müdafiə sənayesi sərgisi olacaq:

"Bu mənada deyə bilərik ki, Bakı həm təhlükəsizlik mənasında, həm də müdafiə sənayesində mərkəz olma yolunda əmin addımlarla irəliləməkdədir. Ümumiyyətlə birlikdə hərbi təhsil və tətbiqatlar sarsılmaz olan Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir".