Bu, İsrailə xal qazandırmayacaq  - İlyas Hüseynov

İsrailin baş naziri Benyamin Netanyahu hərbi bazaya səfəri zamanı bir əsgərin etirazına məruz qalıb. İsrail əsgəri Netanyahuya “Bütün bu hücumların səbəbi sənsən. Dostlarım sənin üzündən öldü. Sən İsraili məhv etdin” deyib. Netanyahuya reaksiya verən əsgəri yanındakı digər əsgərlər sakitləşdirməyə çalışıb.

Sherg.az xəbər verir ki,  ötən həftə gözlənilən hücum əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Hərbi ekspertlər belə bir əməliyyatda İsrailin böyük itki verəcəyini proqnozlaşdırırlar. Mütəxəssislər Qəzzanın dar küçələri, hündürmərtəbəli binaları və kilometrlərlə yeraltı tunellər səbəbindən əməliyyatın uğursuz olacağını düşünürlər.
İsrailin Qəzzaya ən qanlı hücumlarından biri Əl-Əhli xəstəxanasında həyata keçirilib. Hücumda 400-dən çox mülki vətəndaş həyatını itirərkən, Livanda yerləşən Hizbullah İsrailin hücumunu pisləmək üçün "qəzəb günü" çağırıb. Çağırışdan sonra yüzlərlə fəal Fransa və ABŞ səfirliklərinin qarşısına toplaşaraq, "İsrailə qeyri-şərtsiz dəstək verdiklərinə" etiraz ediblər.

Məsələni “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib ki, hazırda İsrail və HƏMAS arasındakı münaqişənin aktiv fazası müşahidə olunur:

"Çünki İsrail qəfil hücumdan sonra uzun müddətdir əməliyyatı davam etdirir. Digər tərəfdən Baş nazir Benyamin Netanyahuya qarşı suallar da çoxdur. Ümumiyyətlə mübarizə başladığı zaman bəzi ekspertlər bunu İsraildə hakimiyyət daxili mübarizənin tərkib hissəsi kimi qiymətləndirdilər. Belə ehtimal hələ də qalmaqdadır. Çünki Netanyahunun dövründə İsrailin bir sıra uğurlara imza atmasına baxmayaraq hazırkı dövr müəyyən təhdidlər və çaşqınlıqlarla müşayiət olunur. Digər tərəfdən düşünürəm ki, yerüstü əməliyyatlar Qəzza bölgəsində həyata keçirilsə, bu, İsrail ordusu üçün də böyük təhlükələr yaradacaq. Ona görə ki, dar küçələr, çoxmərtəbəli binalar və kilometrlərlə uzanan yeraltı keçidlər İsrail ordusu üçün böyük sınaqlar formalaşdıra bilər". 
Analitik əlavə edib ki, bir sıra Qərb ölkələri Fələstini dəstəkləsələr də, Fransa və ABŞ qeydsiz-şərtsiz İsrailin tərəfindədirlər:

"Bu isə proqnozlaşdırılan hadisədir. ABŞ-nin əsas məqsədi kənar geopolitik faktorların prosesə qoşulmasının qarşısını almaq və İsraili dəstəkləməkdir. Amma Qəzzada yerüstü əməliyyatların aparılması İsrail tərəfi üçün də böyük itkilər gətirəcək. Son nəticədə isə bu ərazidə dominantlığı formalaşdırmaq İsrailə siyasi cəhətdən yeni xallar qazandırmayacaq".