Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfirinə “Birinci Kanal”da yayımlanan televiziya proqramına görə etiraz notası təqdim edib.
Bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
“Oktyabrın 23-də “Birinci Kanal”da Ermənistanın yüksək vəzifəli şəxslərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatların səsləndirilməsi ilə əlaqədar Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, - məlumatda bildirilir.
Hadisəni “Sherg.az”a dəyərləndirən tanınmış journalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Rusiyanın 1-ci kanalı Prezident Adminstrasiyasına bağlı bir informasiya qurumudur:
"Yəni orada çıxan hər bir kəlmə Prezident Adminstrasiyası ilə razılaşdırıldıqdan sonra verilir. Əgər kanal Paşinyanı “asfalt çəkən maşın” ilə qarşılaşdıraraq tənqid edibsə, bu birbaşa Rusiya Prezident Adminstrasiyasından gələn bir təlimatdır. Ümumiyyətlə Rusiya Ermənistana yerini göstərməyə çalışır. Hər kəs yaxşı bilir ki, Qafqazda Ermənistan dövlətinin yaradılması Rusiyanın planı olub. Bu mənada deyə bilərik ki, Ermənistanın legitim dövlət olduğunu təsdiq edən heç bir sənəd yoxdur. Bunu Rusiya Dövlət dumasının millət vəkilləri də ara-sıra dilə gətirirlər. Çıxışlar isə Kremlin razılığı ilə səsləndirilir".
Analitikin sözlərinə görə, əgər bu gün Rusiya səfiri Ermənistan XİN-ə çağrılıb nota verilirsə, biz sabah Ermənistanın Moskvadakı səfirliyinə də təsir göstərildiyinin şahidi ola bilərik:
"Xatırladım ki, 30 ildən çoxdur Ermənistanın səfirliyində "Dağlıq Qarabağ Respublikası nümayəndəliyi" fəaliyyət göstərib. Bu isə Ermənistanın Rusiyada həyata keçirdiyi təxribat kimi qiymətləndirilərək Ermənistan səfirliyinə qarşı cəza verilə bilər. Digər tərəfdən İrəvan və Moskva arasındakı münaqişə hələ təzə başlayır. Hətta münaqişənin Ukrayna ssenarisinə dönüşmə ehtimalı da var. Ümumiyyətlə Ermənistanı asfalt maşınını altına salaraq dövlət kimi məhv etmək Rusiyanın əlində olan bir fəaliyyətdir".