Turan ordusunun yaranması zərurətdir!

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Milli Müdafiə Universitetində “Hərbi təhsil və elm sahələrində əməkdaşlıq məsələləri üzrə işçi görüşü” keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov ilə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin tarixi, strukturu və təhsil səviyyəsinin təşkili haqqında brifinq təqdim olunub.

Daha sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verib. Sonda birgə xatirə fotosu çəkdirilib.

Görüşü “Sherg.az”a şərh edən təhlükəsizlik üzrə ekspert Alparslan İmamqulu söyləyib ki, dünyada və regionda söz sahibi olmaq üçün güclü müttəfiqlər qazanmaq önəmlidir:

"Bu baxımdan Azərbaycanla Türkiyə arasındakı münasibətlər təqdirəlayiqdir. Həmçinin Qarşılıqlı münasibətlərin digər dövlətlərlə də təmin edilməsi bizim üçün prioritet məsələlərdən biridir. Xüsusən Türk Dövlətləri Təşkilatına üzv türkdilli dövlətlərlə qarışıqlı əlaqələrin gücləndirilməsi, hərbi müqavilələrin imzalanması və təcrübələrin paylaşılması Azərbaycan və digər ölkələr üçün vacibdir. Təbii ki, gələcəkdə TDT və bunun davamında "Turan" ordusunun qurulması mütləq öngörülüb. Bu istiqamətdə Türkiyə-Azərbaycan arasındakı qarşılıqlı hərbi müttəfiqlik və iqtisadi əlaqələrin genişləndirilməsi günü-gündən artmaqdadır".

Ekspert əlavə edib ki, Türkiyə ilə yanaşı Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və digər ölkələrlə olan əməkdaşlığın gücləndirilməsi, gələcəkdə TDT-nin daha da güclü birlik halına gəlməsi ortaq ordu qurulması baxımından vacibdir:

"Bu gün Qazaxıstanla Azərbaycan arasında bir sıra qarşılıqlı hərbi əlaqələr var. Biz texniki sahə ilə yanaşı hərbi tədris 
baxımından da əlaqələri genişləndirməkdəyik. Bu ilkin mərhələdə təcrübələrin paylaşılması üçün önəmlidir. Yəqin ki, gələcəkdə birgə hərbi təlimlərin keçirilməsi və ortaq müdafiə sənayesinin inkişaf etdirilməsi baxımından da ciddi addımlar atılacaq".