İlham Əliyev tarix yazan və tarixə yazılan liderdir!

"Cənab İlham Əliyev hələ 2003-cü ildə oktyabr ayının 15-də ölkə Prezidenti seçilərkən seçkiqabağı kampaniyasında söyləyirdi ki, Heydər Əliyev siyasətinə sadiq qalacaq".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründən danışarkən deyib.

Deputat bildirib ki, İlham Əliyev xalqın etimadını qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində torpaqların işğaldan azad olunması məsələsində bütün səyləri  göstərəcəyini vurğuladı:

"Çünki Ulu öndərin ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Ümumiyyətlə Heydər Əliyev hər zaman söyləyirdi ki, mənim həyata keçirmədiyim məsələləri özüm qədər inandığım oğlum İlham Əliyev həyata keçirəcək. Həqiqətən də belə oldu və cənab Prezident torpaqlarımızın azad olunmasını prioritet məsələ kimi təyin etdi. Həmçinin bu istiqamətdə lazım olan bütün addımlar atıldı. İlk növbədə güclü iqtisadiyyat formalaşdırıldı, neftdən asılılıq minimuma endirildi və sahibkarlığın inkişafına şərait yaradıldı. Bilirsiniz ki, güclü iqtisadiyyat, həm də güclü ordu deməkdir. Cənab İlham Əliyevin fəaliyyətini dəyərləndirərkən onun ordu quruculuğundan xüsusilə danışmaq lazımdır. Yadımdadır ki, o 2003-cü ildə Prezident seçilərkən Azərbaycanın hərbi xərcləri 163-167 milyon dollar arasında idi. 20 illik fəaliyyət nəticəsində isə hərbi xərclər 5 milyard manata yüksəldildi. Hətta 2024-ci ilin büdcəsində bu istiqamətdə əlavə xərclərin ayrılması nəzərdə tutulur. Yəni ordu quruculuğu məsələləri ön plandadır".
Parlamentarinin sözlərinə görə İlham Əliyevin fəaliyyəti dövründə 20-dən artıq hərbi zavod istismara verildi, 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilməyə başlanıldı və ən müasir 5-ci nəsil silahların alınması reallaşdırıldı:

"Biz Türkiyə, İsrail, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən ən müasir silahlar aldıq. Digər tərəfdən ölkəmizdə səfərbər olunmuş cəmiyyətin və həmrəyliyin formalaşması cənab Prezidentin misilsiz fəaliyyətinin əsas istiqamətidir ki, bütün bunlar dövləti güclü edir və onun tarixi qələbələri üçün münbit şərait yaradır. İlham Əliyev 2018-ci ilin aprel ayında yenidən Prezident seçilərkən ölkədə irimiqyaslı islahatların həyata keçiriləcəyini dedi. Bu islahatlar isə Azərbaycanı həm daxilən gücləndirdi, həm də onun beynəlxalq aləmdə nüfuzunu artırdı. Yəni ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olundu" 

E.Nəsirov əlavə edib ki, torpaqlarımızın geri alınması istiqamətində atılan müxtəlif addımlar nəticəsində bugünkü reallıqlar hasil olub:

"İkinci Qarabağ müharibəsi zamanı cənab Ali Baş komandanın rəhbərliyi altındakı yenilməz ordumuz və "dəmir yumruğ"a çevrilmiş xalqımız tarixi zəfərə imza ataraq ərazi bütövlüyümüzü bərpa etdi. Bunun ardınca isə 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində bütün Qarabağ üzərində suverenliyimiz təmin edildi ki, bu da İlham Əliyevin tarixi xidmətlərindən biridir. Sözün əsl mənasında İlham Əliyev tarix yazan və tarixə yazılan dövlət başçısıdır".