Ermənistanda səfərdə olaqn Kanadanın xarici işlər naziri Melani Joli Cermuka (İstisu, Dərələyəz mahalı) səfər edib.
XİN başçısı səfər zamanı Aİ-nin müşahidə missiyasının Cermukdakı ofisinə baş çəkib.
O bildirib ki, Kanada bu missiyaya qoşulan ilk Avripa ittifaqının üzvü olmayan ölkədir. Jolinin səfər zamanı sərhəd zonasına baxış keçirəcəyi qeyd edilib.
Səfəri “Sherg.az”a dəyərləndirən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Qərb ölkələrinin bu cür yanaşması regionda sabitliyi və sülhü yaxınlaşdırmır:
"Əksinə həm region üçün problem yaradır, həm Ermənistanın kommunikasiyalara qoşulmasına mane olur. Məsələnin əsas mahiyyəti də budur. Yəni Qərb ölkələri regiondan gərginliyin davam etməsi fonunda nüfuzlarının, təsirlərinin və dividendlərinin artmasında maraqlıdırlar".
Parlamentari əlavə edib ki, onların məqsədi Cənubi Qafqazı dünyada gedən geopolitik oyuna daxil etməkdir:
"Yəni Cənubi Qafqazdakı ölkələri Qərb-Şərq arasındakı münaqişəyə sürükləmək istəyirlər. Hətta rahatlıqla deyə bilərik ki, onları regiondakı ölkələrin milli maraqları əsla düşündürmür. Digər tərəfdən Cənubi Qafqaza müdaxilə üçün alət lazımdır. Ermənistan isə özünü bu oyuncağa çevirir. Qərblə Avropanın Ermənistana dəstəyi və Azərbaycanı qeyri-obyektiv ittihamlarla günahlandırması da bununla izah olunur. Azərbaycan isə müstəqil siyasət aparan bir ölkədir və kənar müdaxilələri qəbul etmir. Ancaq təəssüflər olsun ki, Ermənistan özü və region üçün təhlükəli oyun oynayır. Bu oyunun rəhbərləri isə Qərb dövlətləridir. Ümumiyyətlə məsələ təkcə Kanada ilə bitmir. Almaniya, Avropa Şurası, Avropa Parlamenti kimi dövlətlərin və qurumların da regionu qarışdırmaq cəhdləri göz önündədir".