Aİ-nin vasitəçilik təşəbbüsü fiyaskoya uğrayır - Sabiq nazir

“Bu ayın sonu Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq”.

Bu barədə məlumatı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar açıqlayıb. 
Onun sözlərinə görə, görüş vaxt azlığından baş tutmayacaq.

Artıq Avropa İttifaqı platformasının qeyri-obyektiv yanaşmaya yol verdiyinin hiss olunduğunu söyləyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a vurğulayıb ki, onların ermənipərəst mövqeyi özünü büruzə verir:

"Azərbaycan da belə əsaslarda sülh müqaviləsini müzakirə etməyə maraqlı deyil. Həmçinin biz Nikol Paşinyanın səfərləri çərçivəsində Avropa İttifaqının hansısa qurumlarının ermənipərəst mövqeyi təbliğ etdiklərinin şahidi olduq. Amma əslində Azərbaycan uzun müddətdən sonra öz ərazilərini işğaldan azad edib. Hətta axırıncı erməni hərbçiləri Azərbaycanın lokal antiterror tədbirləri nəticəsində Qarabağı tərk etdilər. Bu vəziyyət isə Avropa siyasətçilərinin bəyanatlarında öz əksini tapmır. Yəni uydurulmuş erməni stereotiplərin səsləndirildiyi platformada Azərbaycan sülhü müzakirə etməkdə maraqlı deyil".

T.Zülfüqarov əlavə edib ki, Avropa İttifaqının vasitəçilik təşəbbüsü də fiyaskoya uğrayır:

"Qranada görüşü bunun birinci siqnalı idi. Çünki Azərbaycan olmadan onun barəsində hansısa bəyanatlar qəbul olundu. Sonra isə səhvlərinə işarə etmədən yeni görüş təşkil etmək istəyirlər. Bu yanaşma üslubu reallıqdan uzaqdır və birtərəfli xarakter daşıyır. Ümumiyyətlə Azərbaycan lazımlı məsələləri təmin edib. Sonuncu məsələ olan Zəngəzur dəhlizinin isə İran vasitəsilə açılması haqqında danışıqlar gedir. Bu baxımdan hesab edirəm ki, artıq Azərbaycan öz maraqlarını təmin edib. Digər tərəfdən Azərbaycan başa düşür ki, Avropa İttifaqı və onun qurumlarındakı Fransanın dominantlığı bizi qane etmir. Bu mənada söyləyə bilərik ki, Avropa İttifaqını real vasitəçi kimi qəbul etməyə hazır deyilik".

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel oktyabrın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcəyini bildirib.