ABŞ və Türkiyə NATO gəmilərinin Qara dənizdə iştirakı ilə bağlı məsləhətləşmələr aparır.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Senatın Xarici İşlər Komitəsində dinləmələrdə çıxış edərkən deyib.
“Bu, türk müttəfiqlərimizlə daimi müzakirə mövzusudur. Türkiyə hərbi gəmilərin Qara dənizə girişinə nəzarət edir”, - o bildirib.
O, Vaşinqtonun Ankaranı enerji sahəsində Moskva ilə əməkdaşlığı gücləndirməkdən çəkindirdiyini iddia edib. Bunun müqabilində ABŞ Türkiyəyə ikitərəfli münasibətləri gücləndirməyi təklif edib.
Türkiyə-Rusiya-Amerika münasibətlərinin çox həssas zəmində irəlilədiyini deyən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay "Sherg.az"a vurğulayıb ki, Türkiyə bir tərəfdən Amerika ilə münasibətlərini qoruduğu halda, digər tərəfdən də Rusiya ilə münasibətlərini saxlayır:
“Bu, çox incə bir tarazlıq üzərində saxlanılan bir əlaqə formasıdır. Soyuq müharibə dövründə Türkiyənin Qərb blokunda olması səbəbindən Rusiya-Türkiyə münasibətləri kifayət qədər gərgin idi. Yəni Türkiyə-Amerika münasibətləri NATO konsepsiyası çərçivəsində və Rusiyaya qarşı blok kimi hərəkət edirdi.
Artıq soyuq müharibə başa çatıb və Türkiyə iki blok arasında balanslaşdırılmış xarici siyasət aparır. Ancaq nə Amerika, nə də Rusiya Türkiyənin yeni mövqeyini qəbul edəcək qədər anlayış nümayiş etdirmir. Amerika Türkiyəni daim öz tərəfində və Rusiyanın əleyhinə görmək istəyir.
Rusiya isə xüsusilə Ankara-Moskva münasibətlərindəki inkişaflara, iqtisadi və enerji məsələlərində irəliləyişlərə əsaslanaraq Türkiyəni Amerikaya qarşı öz tərəfində görmək istəyir. Bu məqamda Türkiyə həm Amerikaya, həm də Rusiyaya yox deyə bilən siyasət, eyni zamanda Vaşinqton və Moskva ilə yaxşı münasibətləri artırmaq strategiyası həyata keçirir. Həmçinin Türkiyə Ukrayna-Rusiya böhranında Qərblə eyni liqada olsa da, balanslaşdırılmış siyasət yürütməklə bitərəfliyini açıq şəkildə nümayiş etdirdi. Eynilə, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı da Türkiyə açıq şəkildə deyil, qeyri-rəsmi olaraq Rusiyanın maraqlarını nəzərə alaraq, bu iki dövlətin alyansa daxil olmasını mümkün qədər uzatdı".
H.Oktayın sözlərinə görə Ankara Rusiyanın, NATO-nun və Amerikanın Türkiyənin yeni siyasət xəttini anlamasını istəyir:
“Yəni Soyuq Müharibə dövrü bitdi və yeni dövrdə Türkiyə balanslı Rusiya-Amerika siyasətini davam etdirərək bölgədəki varlığını qoruyub saxlamağın tərəfdarıdır. Digər tərəfdən Finlandiyanın NATO-ya daxil olması və İsveçin daxil olmaq üzrə olması fonunda Baltik dənizinə nəzarət alyansın əlinə keçmiş olur ki, bu da Qara dənizin yeni döyüş meydanına çevrilməsinə gətirib çıxaracaq. Ümumiyyətlə Qara dənizlə bağlı Montrö Boğazı razılaşmasına uyğun olaraq, hərbi gəmilərin giriş-çıxış standartları müəyyən olunub. Amerika və NATO isə davamlı olaraq Türkiyədən rejimi bir az da yumşaltmağı tələb edir. Bu, Rusiya üçün məqbul bir vəziyyət deyil.
Üstəlik, Türkiyə artıq Montrö Boğazları müqaviləsini çox ciddi şəkildə icra edir. Belə vəziyyətdə Türkiyə NATO və ABŞ ilə qarşı-qarşıya qala bilər. Lakin buna baxmayaraq, Türkiyə razılaşmanın tələblərini həyata keçirməlidir. Xüsusilə Amerika gəmilərinin İsrail-Qəzza məsələsinə görə Aralıq dənizinə gəldiyi bir vaxtda hadisəyə müdaxilə edə bilsin deyə Rusiya boğazlardan keçmək istəyəcək və ya Amerika Qara dənizdə Rusiyaya nəzarət etmək üçün yenidən boğazlardan istifadə etməli olacaq. Bu konteksdə Türkiyə Boğazlar razılaşmasından yaxşı istifadə edərək bölgədə tarazlıq yaratmaq istəyir.
Amerikalıların verdiyi açıqlamada Türkiyənin boğazları ABŞ-nin xeyrinə açacağı təqdirdə Rusiyanın Türkiyəyə göndərdiyi enerji potensialının azalacağı ilə bağlı narahatlığın yaranacağı irəli sürülüb. Ancaq Türkiyə bu rejimi enerji və ya başqa bir məsələ ilə bağlı deyil, Montrö boğazı razılaşmasının Türkiyəyə gətirdiyi imkanları nəzərə alaraq həyata keçirir. Görünən odur ki, yaxın günlərdə İsrail mərkəzli münaqişələr və Amerikanın bölgədə var olmaq cəhdləri istər-istəməz Ankara, Moskva və Vaşinqtonu bir-birinə qarşı qoyacaq”.