Biz Avropada mümkün müharibəyə hazırlaşmalıyıq.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Almaniya özünü müdafiə etməyi bacarmalıdır. Biz müharibəyə hazır olmalıyıq”, - o bildirib.
Onun fikrincə, Yaxın Şərq və Ukraynadakı münaqişənin Almaniya cəmiyyətində nəticələri olacaq.
Açıqlamanı "Sherg.az"a şərh edən siyasi şərhçi Turan Rzayev söyləyib ki, Almaniya və Yaponiya 2-ci Dünya müharibəsindən sonra imzalanan müqavilə əsasında hücum xarakterli orduya sahib ola bilməz:
"Yəni bu ölkələrin daha çox müdafiə xarakterli orduları var. Almaniya daha sonra bu müqavilənin ləğv edərək hücum xarakterli ordu yaratdı, amma məhdud sayda. Əslində Almaniya son illərdə həm Rusiya-Ukrayna müharibəsi, həm də digər aktivləşən münaqişələri və Britaniyanın Avropa İttifaqından çıxmasını bəhanə gətirərək ordusunun limitini artırmağa çalışır. Məlum olduğu kimi 2-ci Dünya müharibəsində Nasist Almaniyasının Avropanı işğal etmək niyyəti digər dövlətlər tərəfindən unudulmayıb. Xüsusən də ABŞ bu məsələdəki riskləri başa düşür. Ona görə də ordusunu gücləndirməyə icazə verməyib. Lakin indiki məqamda Almaniya tərəfi də başa düşür ki, dünya qütbləşməyə doğru gedir və onlar da bunun bir parçası olmalıdır. Yəni Avropada liderliyi Fransaya verməməlidir. Ona görə də ordusunu gücləndirmək istəyir".
Analitik əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi ciddi olsa da, bunun Mərkəzi Avropaya sıçraması real deyil:
"Çünki buradakı ölkələrin əksəriyyəti NATO və Avropa İttifaqına üzvdürlər. Ona görə də, bu ölkələrə hücum Rusiya üçün acı sonla nəticələnə bilər. Kreml isə sözügedən riski gözə almaz. Yəni Almaniya Müdafiə nazirinin açıqlaması bəhanə xarakterlidir. Pərdəarxası məqam ondan ibarətdir ki, Almaniya ordusunu gücləndirməyə çalışaraq çoxqütblü dünyanın parçası olmaq niyyətindədir. Ümumiyyətlə Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra rəsmi Berlinin də bu addımı atacağını proqnozlaşdırmışdım. Nəticə etibarilə Pistoriusun bu açıqlaması nə Yaxın Şərq, nə də Ukraynadakı müharibə ilə əlaqədardır. Əsas məqsəd Avropada güc olaraq formalaşmaq cəhdidir. Digər tərəfdən Almaniyanın ordusuna dair məhdudiyyətin aradan qaldırılması risk faktorudur. Çünki Almaniyada son zamanlar ultra-milliyətçilik artmaqdadır. Bu kontekstdə neo-nasistlərin hakimiyyəti yenidən ələ keçirməsi riski var".