ABŞ-nin İsrailə vədi var, Ukraynaya isə...

Rusiya Ukrayna böhranının həlli və Qərblə gələcək birgəyaşayış üzrə siyasi müzakirələrə hazırdır.
Bunu 10-cu Pekin Syanşan Forumunda çıxışı zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Lazımi şərait yaradılarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də ümumilikdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq. Eyni zamanda, sülhün və qlobal sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyan bütün nüvə gücləri - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabərhüquqlu münasibətlərin təmin edilməsi vacibdir. Ədalətli, çoxqütblü dünya nizamını formalaşdırmaq üçün beynəlxalq təhlükəsizliyin arxitekturasını yeniləmək və ona daha böyük sabitlik vermək lazımdır. Buna nail olmaq üçün bütün maraqlı ölkələrin səylərini birləşdirmək lazımdır”, - o bildirib.

Avropanın artıq Ukrayna müharibəsindən yorulduğunu deyən AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, ABŞ-nin başı isə yaxınlaşan Prezident seçkilərinə qarışıb:

"Həmçinin Fələstindəki münaqişə ocağı alovlanıb. Bu münaqişə isə daha çox diqqət mərkəzindədir. Çünki dünya üçün daha təhlükəli və qədim tarixə malik olan bir hadisədir. Digər tərəfdən ABŞ-nin İsraili müdafiə etmək kimi bir vədi var. Amma Ukraynaya yoxdur. Düzdür Ukrayna nüvə silahından imtina etdikdə Amerika onun suverenliyini qorumağı üzərinə götürmüşdü. Ancaq bunun arxasında durmadılar".
Analitikin sözlərinə görə, Ukraynadakı müharibədən yorulduğu üçün Avropada mərkəziqaçma prosesləri görürük:

"Macarıstan onsuz da əvvəldən müharibənin və Ukraynaya dəstəyin əleyhinə idi. Hakimiyyət dəyişdikdən sonra artıq Slovakiya da bu yolu tutub. Həmçinin Polşa-Ukrayna münasibətləri əvvəlki kimi yaxşı deyil. Digər tərəfdən Şoyqunun açıqlamasını gələcəkdə münasibətlərin qurulması istiqamətindəki addım kimi qiymətləndirə bilərik. Hətta qeyri-rəsmi xəbərlərə görə ABŞ Ukrayananın ərazilərinin bir hissəsini itirməsini nəzərə alaraq Moskva və Kiyevi danışıqlar masasına oturdacaq. Buna isə hələlik Zelenski müqavimət göstərir. Amma Zelenski dəyişərək yeni iqtidarın əli ilə bu, baş verə bilər. Çünki əks-hücum əməliyyatları gözlənilən nəticəni vermədi".