Qoşulmama Hərəkatına üzv ölkələrdə qadınlarla bağlı mövcud problemlər açıqlanıb

"Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans çərçivəsində baş tutan əlavə paneldə bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 161 təşkilat var və onlar birbaşa qadınlarla bağlı məsələlərlə məşğul olurlar: "Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var. Bu gün Azərbaycanda gender bərabərliyi istiqamətində tam qanunvericilik formalaşıb. Bu, heç də asan olmayıb, hərəkat olaraq inkişaf edib və dövlətin də diqqəti nəticəsində qanunvericilik bazası formalaşıb. Artıq bu il milli fəaliyyət planına yekun vuracağıq, gələcəkdə yeni bir fəaliyyət planının qəbul edilməsi müzakirə olunacaq, çünki bütün problemlər tam həll olunmayıb. Hələ də bizim selektiv abort kimi problemimiz var".