Ermənistan hələ də sülhə hazır deyil - Tofiq Zülfüqarov 

İrəvan hökuməti ermənilərin Qarabağa qayıdışının hansısa xüsusi şəraitdə həyata keçirilməsini istəyir

"Bəs azərbaycanlıların Qərbi Azərbaycana, öz tarixi yurdlarına geri dönüşü necə, hansı formada olacaq? ABŞ və Fransa da bu məsələyə əhəmiyyət vermir"


"Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O, vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh və normallaşma əlaqələrini prioritet götürür. Lakin istənilən sülh prosesi iki tərəfin iştirakını tələb edir: 

"Ermənistan pozitiv və yaxşı niyyət nümayiş etdirməlidir". H.Hacıyev regionda yeni reallıqlar ortaya çıxdığını vurğulayıb: "Ermənistanın Qarabağdakı qanunsuz rejimi tərksilah edilib və Azərbaycandan çıxarılıb. Bu, Ermənistan-Azərbaycan sülh sazişi üçün maneələri aradan qaldırır. Biz bunun iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoyulması və Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında dayanıqlı sülh inşası üçün tarixi fürsət olduğuna inanırıq”. 

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında bildirib ki, Qərbin, Fransanın, ABŞ-nin və qismən də olsa Rusiyanın ritorikasını təhlil etsək, görərik ki, hazırda iki məsələ gündəmdədir. Sabiq nazir vurğulayıb ki, birinci məsələ odur ki, İrəvan hökuməti ermənilərin Qarabağa qayıdışının hansısa xüsusi şəraitdə həyata keçirilməsini istəyir:

 "Ermənistan bunu tez-tez gündəmə gətirir. Deyirlər ki, Qarabağa qayıdış o halda mümkündür ki, burada beynəlxalq missiya olsun. Təbii ki, Rusiyadan söhbət getmir. Ancaq təəssüflər olsun ki, İrəvan bunu bəyan edərkən digər mühüm məqamı unudur, daha doğrusu, həmin məsələnin paralel şəkildə gündəmə gətirilməsini istəmir. Ermənistan tərəfi ermənilərin Qarabağa qayıdışından danışır. Bəs azərbaycanlıların Qərbi Azərbaycana, öz tarixi yurdlarına geri dönüşü necə, hansı formada olacaq? ABŞ və Fransa da bu məsələyə əhəmiyyət vermir. Problemin sadəcə erməniləri maraqlandıran hissəsi ilə maraqlanırlar. Digər məsələ isə ondan ibarətdir ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Hətta baş nazir Nikol Paşinyan özünü "sülhpərvər" göstərmək üçün müəyyən rəqəmlər də səsləndirir. Ancaq İrəvanın ərazi bütövlüyü ilə bağlı ifadə etdiyi rəqəmlər birbaşa Ermənistanın mövqeyini əks etdirir. Fransa da onu dəstəkləyir. Qranada bəyanatında da bu məsələ öz əksini tapıb. Lakin Azərbaycanın məsələyə öz baxışı, yanaşması var. Əslində Paşinyanın bu formada bəyanat verməyə ixtiyarı yoxdur, çünki ilk növbədə konstitusiya dəyişikliyi baş verməlidir. Yəni baş nazirin bəyanatı ölkə konstitusiyasına ziddir". 
T.Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın ötən dövr ərzində səsləndirdiyi fərqli bəyanatlara diqqət yönəldib: "Müharibədən əvvəl Şuşada demişdi ki, qondarma ""Artsax" Ermənistandır, vəssalam". İşğal etdikləri torpaqlarımızı "Ermənistan ərazisi" kimi görürdülər. Hakimiyyətə gələndə konstitusiyaya and içdi və orada müstəqillik haqqında bəyannaməyə istinadən keçmiş "Dağlıq Qarabağ Vilayəti" Ermənistana "birləşdirilmişdi". Ardınca baş nazir dedi ki, 1991-ci il bəyanatını dəstəkləyir. Halbuki, həmin bəyanata qol çəkərkən Ermənistan ora bir əlavə edib ki, Ermənistan ərazisini Qarabağla birgə tanıyır. Daha sonra Paşinyan bildirdi ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası 1975-ci ilin xəritəsinə əsasən həyata keçirilməlidir. Paşinyan Münhendə cənab Prezidentlə diskusiyasında "Böyük Ermənistan"dan danışdı, Tiqranın varisləri olduqlarını dedi. Yəni demək istəyirəm ki, Paşinyan 4 ildə 4 fikir səsləndirib. Axırıncı dəfə Qranadada yenidən 1991-ci ilin bəyanatını dəstəklədilər. Məhz bu ziddiyyətlər göstərir ki, həllini tapmayan kifayət qədər məsələlər mövcuddur. Yaddan çıxartmayaq ki, sülh müqaviləsi dedikdə sadəcə çərçivə sazişindən söhbət gedir. Çərçəvə sazişində sülh prosesinin istiqamətləri, ana başlıqları əks olunur, onların həlli isə sonrakı məsələdir. Məsələn, yekun sülh sazişində sərhədlərin müəyyənləşməsini həll etmək imkansızdır. Çünki sərhəd xəttləri dəqiq müəyyənləşməyib. Sərhədlərin delimitasiya və demarkasiya prosesi onillərlə çəkə bilər. Gürcüstanla bu proses hələ də davam edir. Kommunikasiyaların bərpası ilə bağlı da xeyli iş getməlidir. O baxımdan sülh haqqında çərçivə sənədi bəyanata bənzər sənəd olacaq. İndi özünüz baxın, bu sadaladığım məsələlərin həlli qısa vaxtda mümkündür, yoxsa yox?". 

Həmsöhbətimiz bildirib ki, Azərbaycan öz mövqeyini bəyan edib, amma Ermənistan bunu qəbul etmir:

 "Qərb də İrəvanın dediklərini dəstəkləyir. Belə şəraitdə necə normal danışıqlar gedə bilər?! Bizə təzyiq göstərməklə hansısa sülh layihəsini, İrəvanın mövqeyini diktə edə bilməzlər. Açıq-aydın görünür ki, Ermənistan hələ də sülhə hazır deyil".