Parlamentari: Azərbaycan güclənir, söz sahibinə çevrilir

BMT Qoşulmama Hərəkatının konfransına görə Azərbaycana təşəkkür edib

Bu, nəticə etibarı ilə bizə imkan verir ki, mövcud siyasətimizi daha yaxından təqdim edək, prioritetlərimizi, potensialımızı qlobal səviyyədə bölüşdürək


Noyabrın 20-də Bakı Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransa ev sahibliyi edib. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycanla yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilib. İki gün davam edəcək konfransda qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edib. Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın QH-yə uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir. 
  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tədbirin təsisçilərinə BMT adından təşəkkürünü bildirib. O qeyd edib ki, Qoşulmama Hərəkatının konfransı vacibdir. Xanım Andreyeva bildirib ki, BMT-nin dayanıqlı inkişaf məqsədləri qadınların və qızların təmsilçiliyini, gender məsələlərini də təşviq edir: "Bizim indi münaqişələrlə, böhranlarla üzləşdiyimiz bir zamanda dialoqa, əməkdaşlığa ehtiyacımız var". Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif çıxışında Azərbaycan hökumətinə bu konfransa görə təşəkkür edib. Andreyeva deyib ki, bu konfrans hər bir ölkə üçün vacib olan mövzularda fikir mübadiləsi üçün vacib bir fürsət yaradıb: "Ölkəmizdə qadın, uşaq və ailə məsələləri ilə bağlı məsələlər öz həllini tapıb. Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün vacib addımlar atılıb. Ölkəmizin rəhbəri deyib ki, Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qadınlar və kişilər bütün hüquqlardan bərabər yararlanmalıdır. 2023-cü ilin sonlarına doğru biz görürük ölkəmizdə qadınların problemləri həll olunub, bu istiqamətdə vacib praktiki addımlar atılıb. 18 milyona yaxın ailə bu fürsətdən faydalanıb". 
  Mərakeş Krallığı da beynəlxalq çərçivədə qəbul olunmuş gender bərabərliyi ilə bağlı bütün sənədləri, təşəbbüsləri dəstəkləyib. Nepalın qadın, uşaq və gənclər naziri Surendra Raç Açarya çıxışında ölkəsinin gender bərabərliyi, qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində qanunvericilikdə və praktiki sahədə atdığı addımlar barədə konfrans iştirakçılarını məlumatlandırıb. Mavritaniyanın gender bərabərliyi və ailə rifahı naziri Kalpana Devi Koonjo Şah çıxışında deyib ki, qadın zorakılığı ilə mübarizə onun ölkəsinin əsas milli prioritetlərindən biridir: "Ölkəmiz qadınların yüksək siyasi idarəçilik postlarında çalışmasını təşviq edir. Parlament üzvlərinin 17 faizi qadınlardır, şirkətlərdə idarəetmə şurasının ən azı 25 faizinin qadınlar olması öhdəliyi var. Qadınların sosial iqtisadi və siyasi həyatda fəal iştirakı üçün mexanizmlər hazırlanıb və bu, davam edir". 
  Nikaraquanın qadınlar naziri Cessika Yaoska Padilla Levia çıxışında deyib ki, onun ölkəsində nazirlər kabinetində 16 nazirdən 9-u qadındır: “Məhkəmə sistemində çalışanların 59 faizi, parlament üzvlərinin 57 faizi qadınlardır”. Nikaraqualı nazir vurğulayıb ki, onun ölkəsi gender bərabərliyi və qadınların təmsilçiliyi üzrə yüksək göstəricilər əldə etmiş ölkələr sırasındadır. 
 
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, Bakı çoxlu sayda qlobal tədbirlərə ev sahibliyi edir: 
"Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə öz qlobal mövqeyini daha da gücləndirdi. Bu məqam özünü institusional olaraq hərəkatın, təşkilatın fəaliyyətində göstərdi. Eyni zamanda istər Qoşulmama Hərəkatı çərçivəsində, istər digər beynəlxalq platformalarda Azərbaycan çox aktivdir. Azərbaycan davamlı olaraq fəal şəkildə qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu, bir tərəfdən Azərbaycanın gücünü, potensialını göstərir. Digər tərəfdən, nəticə etibarı ilə bizə imkan verir ki, mövcud siyasətimizi daha yaxından təqdim edək. Azərbaycanın prioritetlərinin, potensialının qlobal səviyyədə bölüşdürülməsinə imkan verir. O baxımdan bu tip beynəlxalq tədbirlərin təşkil olunması Azərbaycanın gücünün, iradəsinin, gələcəyə baxışının göstəricisidir".