Ədliyyə sisteminin fəaliyyətində şəffaflıq ön plandadır

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Penitensiar Xidmətdə aparılan islahatların miqyası çox böyükdür

“Biz bu prosesin içindəyik, indiyə qədər bu qədər genişmiqyaslı islahatlar heç yerdə aparılmayıb. Kadr islahatları da davamlı həyata keçirilir”

  Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi tamam olur. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Azərbaycan ədliyyəsi 105 il ərzində şanlı tarixi inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Azərbaycan ədliyyəsinin davamlı fəaliyyətinin təmin olunması Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə təsis olunan Ədliyyə Nazirliyinin fəaliyyəti həmin dövrdə təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb. Dövlət müstəqilliyimizin bərpasından sonra da Ədliyyə Nazirliyi Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin qayğısı ilə aparılan köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti təkmilləşib, ölkədə yeni üçpilləli məhkəmə sistemi bərqərar olub.
  Ədliyyə və məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilərək dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb. Dövlət başçısının təsdiq etdiyi Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət proqramları, 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla Azərbaycan ədliyyəsinin müasir çağırışlara uyğun inkişafını təmin edib. Vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.
  Azərbaycan ədliyyəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə də ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib. Ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak ediblər. Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi islahatlar bu il də davam etdirilib. Bu gün əhaliyə 40-dək elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Bu metodlar əsasında azad olunmuş ərazilərdə də səyyar qaydada ədliyyə xidmətləri təşkil edilir.
Eyni zamanda cəmiyyətin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün Bakıda yeni penitensiar müəssisələr inşa olunaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bir sözlə, bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, o cümlədən əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir. Nazirlik, həmçinin bələdiyyələrə metodoloji yardım göstərir və inzibati nəzarət edir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir. Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə Nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında genişhəcmli konkret işlərin dayandığını göstərir. Azərbaycan ədliyyəsinin fəaliyyəti dövlətimiz tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ədliyyə sisteminə yüksək diqqət və qayğısının təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır. Bu yüksək diqqət və qayğı ölkəmizdə ədliyyə sahəsində daha böyük uğurların qazanılacağına qəti inam yaradır. Dövlət başçısının Azərbaycan ədliyyəsinə diqqət və qayğısının növbəti təzahürü olaraq noyabrın 21-də imzaladığı sərəncamlarla bir qrup ədliyyə işçisinin ali xüsusi rütbələrə və dövlət təltiflərinə layiq görülməsi dərin minnətdarlıq hissi ilə qarşılanıb. Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
  “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti, ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, ədliyyə orqanlarının yaranmasının 105-ci ildönümü böyük bayramdır. Ekspertin sözlərinə görə, ədliyyə sistemi bu bayramı əliboş qarşılamır: 

"Azərbaycanda Ədliyyə Nazirliyinin fəaliyyəti çoxşaxəlidir. Ədliyyə Nazirliyinin bütün strukturları böyük sayda xidmətlər göstərirlər. Hər il bu xidmətlərin həm çeşidinin artmasının, həm də keyfiyyətinin artmasının şahidi oluruq. İndi vacib məsələ dövlət orqanları tərəfindən göstərilən xidmətlərdə keyfiyyətin artırılması, müştəri məmnunluğunun təmin edilməsi, xidmətlərin əlçatanlığının təmin olunmasıdır. Həmçinin xidmətlərin elektronlaşması, rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılmaqdadır. Son illərdə bu istiqamətdə fəaliyyətlər, islahatlar prosesi daha da genişlənib. Demək olar ki, hər həftə bir neçə dəfə Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı İnformasiya və İnsan Hüquqları İdarəsi tərəfindən məlumatlar ictimaiyyətə təqdim olunur. Ədliyyə sisteminin fəaliyyətində şəffaflıq ön plandadır. Penitensiar Xidmətdə aparılan islahatların miqyası çox böyükdür. Biz bu prosesin içindəyik, indiyə qədər bu qədər genişmiqyaslı islahatlar heç yerdə aparılmayıb. Kadr islahatları da davamlı həyata keçirilir. Dövlət başçısı ədliyyə orqanlarında çalışan bir neçə şəxsi təltif edib. Bu da onların fəaliyyətinə verilən yüksək dəyərdir. Həqiqətən onların fəaliyyəti təqdir olunmalıdır. Ədliyyə işçilərinin baş devizi vətəndaş məmnunluğunu təmin etməkdir. Bugünlərdə Penitensiar Xidmətdə Qaynar xətt yaradılıb ki, bu da əks-əlaqə sisteminin, müştəri məmnunluğunun təmin olunması ilə bağlıdır".