İsrail-HƏMAS savaşında ilk atəşkəs yaxın saatlarda elan edilə bilər. Lakin ölkədə bəzi siyasi dairələr HƏMAS-la müharibənin dayandırılmasına etiraz ediblər.
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin Milli Təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben Qvir tezliklə elan edilməsi gözlənilən müvəqqəti atəşkəs və girov razılaşmasına qarşı çıxıb. Baş nazir Benyamin Netanyahunun yaratdığı koalisiya hökumətində yer alan "Yəhudi Güc Partiyası"nın lideri Ben Qvir, "mən çox narahatam, çünki təfərrüatlardan kənarda qalmışıq, bizə həqiqətləri söyləmədilər" deyə açıqlama verib: "Şalit müqaviləsinə (İsrail əsgəri Gilat Şalitin azad edildiyi 2011-ci il girov müqaviləsini nəzərdə tutur -red) bənzər böyük bir səhvin təkrarlanacağını düşünürəm. Nazir İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad edilməsi xəbərini də "fəlakət" adlandırıb.
İsrailin kəşfiyyat naziri Gila Qamlielin "Jerusalem Post" qəzetində dərc olunan məqaləsi İsraildə ajiotaja səbəb olub. Çünki Qamliel Qərb ölkələrinin Qəzzadakı müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan fələstinliləri qəbul etməsini təklif edib. "Haaretz" qəzetinin xəbərinə görə, səfirlik açıqlamasında təklifin hökumətin fikrini əks etdirmədiyini vurğulayıb. Bəyanatda nazir Gila Qamlielin döyüş kabinetinin üzvü olmadığı və bu səbəbdən "qərar vermə prosesləri xaricində" olduğunu söyləyib.
Birləşmiş Millətlər Təşkilatının məlumatna görə, Qəzzadakı vəziyyət çoxlu sayda fələstinlinin evlərini tərk etməsinə səbəb olub. Misir və Livan qəti şəkildə kütləvi miqrasiyanı qəbul etməyəcəklərini bildiriblər. Livan rəsmiləri belə bir məcburiyyətin müharibə səbəbi olacağını deyiblər.