Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır
Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirilir. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilib. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilib. 2007-ci ildə Xarici işlər və İqtisadi İnkişaf Nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixində Bakı şəhərində Nazirlər Görüşü keçirilib. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin intensivləşməsini göstərən daha bir amil isə dövlətimizin başçısının regiona səfərləri ilə bağlıdır. Son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir. Azərbaycanla region dövlətləri arasında əməkdaşlığın daha bir istiqaməti isə qarşılıqlı ticarət və sərmayə qoyuluşlarıdır. Bu iki istiqamət üzrə göstəricilərdə davamlı artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Çünki Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir. Burada Orta Dəhlizin rolu xüsusi vurğulanmalıdır. Orta Dəhliz Çin–Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çindən Türkiyəyə, oradan da Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarda böyük üstünlüklər vəd edir. Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 günə çatdırır. Həmçinin Azərbaycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıblar. Növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bir sıra digər sahələrdə yeni sərmayə layihələrinin icrasına başlanılıb. Eyni zamanda Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən digər türk dövlətləri arasında əməkdaşlığın son illərdə daha da dərinləşməsi müşahidə olunur. Deputatın sözlərinə görə, praktik olaraq SPECA bu baxımdan institusional əməkdaşlıq formatdır: "SPECA formatı imkan yaradır ki, ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və inteqrasiyasının sürətlənməsi mümkün olsun. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə kifayət qədər uğurlu əməkdaşlıq modeli var. Bir tərəfdən Azərbaycanla sözügedən ölkələr arasında xarici ticarət dövriyyəsinin son illər kəskin artması müşahidə olunur. Digər tərəfdən, Azərbaycanın həmin dövlətlərlə qarşılıqlı investisiya qoyuluşlarına, o cümlədən humanitar sahədə əməkdaşlığı da müşahidə edirik. Bu da türk ölkələrindəki stabilliyin və həyata keçirilən müstəqil siyasətin nəticəsi olaraq qiymətləndirilməlidir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir. Son dövrlər Xəzəryanı ölkələr, xüsusən Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq xeyli genişlənib. Bu əməkdaşlıq nəqliyyat layihələrində də özünü göstərir. Birgə layihələrin reallaşması birmənalı şəkildə region üçün yeni imkanlar yaradır".