ABŞ qərəzli mövqeyindən geri  çəkildi - Şərh

He bir qüvvə Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməz 

  Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Prezident qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. 

Azərbaycan tərəfinin ABŞ-nin Azərbaycana münasibətdə yüksəksəviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dən olan yüksəksəviyyəli səfərləri ləğv etdiyini xatırladıb. Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Ölkə başçısı həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib. Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir. Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan da ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Həmsöhbətlər regional vəziyyətlə bağlı məsələləri, eləcə də, ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər. Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə toxunulub. Qarabağdan miqrasiya edən ermənilərin humanitar problemləri və onların aradan qaldırılması üçün Ermənistan hökumətinin atdığı addımlar da müzakirə olunub. Eyni zamanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün real imkanlar olduğunu deyib. Onun sözlərinə görə, hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması Vaşinqtonu ruhlandırır: "Bunun sayəsində (hər iki tərəfin danışıqları-red) regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq. Bilirik ki, onlar tezliklə sülh sazişinin əldə olunmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş tutmasını istərdik". Azərbaycan öz mövqeyində qəti və prinsipialdır və bu mövqeyi sona kimi müdafiə etməkdə israrlıdır. Heç şübhəsiz, ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addım idi. Amerika 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq, sözügedən düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-nin terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan, eyni zamanda Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. ABŞ dövlət katibi A.Blinkenin zəngi və yanaşması göstərir ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olduqlarını anlamağa başlayıblar. Açıq-aşkar görünən odur ki, hadisələrin bu istiqamətdə inkişafı ABŞ-yə və onun Cənubi Qafqaz siyasətinə zərbə vurdu. Nəticədə Vaşinqtonun regionda mövqeləri zəifləməyə başladı. Bunun fərqinə varan Ağ Ev rəsmiləri Bakı ilə münasibətləri normallaşdırmaq üçün hərəkətə keçdilər. 



 
  Millət vəkili Elman Nəsirov "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi Vaşinqton-Bakı münasibətlərinin gərgin olduğu dövrə təsadüf edir. Deputat diqqətə çatdırıb ki, son dövrlər ABŞ-nin həm qanunverici, həm də icra hakimiyyəti tərəfindən anti-Azərbaycan bəyanatlar verilmiş, qərəzli addımlar atılmış və nəticədə ikili münasibətlərə çox ciddi kölgə düşmüşdü: 

"Prezident İlham Əliyev ABŞ dövlət katibi A.Blinkenin nəzərinə çatdırdı ki, son günlər ikitərəfli münasibətlərin gərginləşməsində məsuliyyət qarşı tərəfin üzərinə düşür. Xüsusən, noyabrın 15-də ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın səsləndirdiyi anti-Azərbaycan fikirlər, ölkəmizi sanksiyalarla hədələmək və digər addımlar qətiyyən qəbuledilməz idi. Belə vəziyyətdə Azərbaycan da adekvat addımlar atıb. Qarşı tərəfin rəsmilərinin ölkəmizə səfərinə məhdudiyyətlər qoyub. İndi Blinken xahiş edir ki, dekabr ayında öz köməkçisinin Azərbaycana səfərinə icazə verilsin. Dövlət başçısı da bunun bir şərtlə mümkün olacağını vurğuladı və bəyan etdi ki, Azərbaycan rəsmilərinin ABŞ-də səfərlərinə maneçilik törədilməməlidir. Blinken də bu şərtin qəbul olunduğunu bildirdi. Eyni zamanda cənab Prezident onu da qeyd edib ki, Azərbaycan sülh prosesinə hər zaman hazırdır və Bakını bu istiqamətdə ittiham etmək əsassızdır. Dövlət başçısı onu da diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Ermənistana sülh təkliflərini göndərsə də, İrəvan buna 70 gün ərzində cavab verməyib. Müddətin bu qədər uzadılması göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını qəsdən ləngidir. Ona görə də ittiham tərəfi Ermənistan olmalıdır. Ölkə rəhbəri noyabrın 30-da keçiriləcək Azərbaycan və Ermənistan arasında sərhəd komissiyalarının növbəti görüşünə də toxunub. Güman edilir ki, bu görüşlər nəticə etibarı ilə yekun sülh müqaviləsinin imzalanmasına təkan verəcək". 
 
 Parlament üzvü vurğulayıb ki, tərəflər arasında telefon danışığını əhəmiyyətli hesab etmək olar: 

"ABŞ Azərbaycana qarşı təzyiq kampaniyasından sonra özləri Prezident İlham Əliyevlə əlaqə saxlamaq təşəbbüsü göstərdilər, dövlət başçısından xahiş etdilər. Münasibətlərin gərginləşməsinin aradan qalxmasına xidmət edəcək bir mövqe ortaya qoydular. Bu hal isə Azərbaycan Prezidentinin prinsipial və qətiyyətli mövqeyi nəticəsində hasil olub".